Rauf Mirqədirovun vəkili danışdı

Xəbər verdiyimiz kimi, Türkiyədən deportasiya olunaraq Heydər Əliyev Hava Limanında həbs olunan "Zerkalo" qəzetinin icmalçısı, tanınmış jurnalist Rauf Mirqədirova qarşı Cinayət Məcəlləsinin 274-cü (Dövlətə xəyanət) maddəsi ilə cinayət işi açılıb.

Bu barədə jurnalistin vəkili Fuad Ağayev Meydan TV-yə deyib: "Rauf bəy istəyib ki, hüquqlarını mən qoruyum. Mənə çox gülməli gəlir, dörd il Türkiyədə yaşayan Rauf Mirqədirov dövlətə nə xəyanət edə bilər?"

Vəkil son iki gündə Rauf Mirqədirovun "nurçu"larla, yaxud Moskvada yaşayan sabiq baş nazirin birinci müavini Abbas Abbasovla bağlılığı haqqında məlumatları əsassız və məntiqsiz hesab edib: "Sual yaranır, hakimiyyət niyə Rauf Mirəqədirovu Abbas Abbasova görə həbs etməlidir? Məgər sabiq məmura cinayət işi açılıb? Bunlar absurd söhbətlərdir"

O, aprelin 21-də günün birinci yarısı jurnalistlə görüşəcəyini bildirib.

"Zerkalo" qəzetinin baş redaktoru Elçin Şıxlı modern.az-a Rauf Mirqədirovun hüquqlarının müdafiəsi ilə bağlı işlərin görüləcəyini söyləyib: "Biz onun hüquqlarının müdafiəsi istiqamətində işlər görəcəyik".

Jurnalistin həbsi ilə əlaqədar Sülh və Demokratiya İnstitutunun yaydığı bəyanatda olayın daha çox onun Ermənistana səfərləri ilə bağlı ola biləcəyi qeyd olunur. Bildirilir ki, Rauf Mirqədirov Azərbaycan və Ermənistan QHT-lərinin birgə keçirdiyi layihələrdə aktiv iştirak edib. Ona qarşı "dövlətə xəyanət" ittihamının irəli sürülməsi xalq diplomatiyasının inkişafına yardım edən vətəndaş cəmiyyəti fəallarının gələcək səfərlərinə mane olacaq.

AzNews.az