Elçin Şıxlı: “Rauf Mirqədirova qarşı sürülən ittihamlar şübhəlidir”


"Ona qarşı irəli sürülən ittihamların fakt olması şübhəlidir. Hələlik rəsmi şəkildə əməkdaşımıza qarşı heç bir ittiham irəli sürülməyib".

Bunu AzNews.az-a açıqlmasında "Ayna-Zerkalo" qəzetinin baş redaktoru Elçin Şıxlı mətbuat orqanının əməkdaşı Rauf Mirqədirov barəsində seçilən həbs-qətimkan tədbiri ilə bağlı danışarkən deyib. E. Şıxlı Rauf Mirqədirovun 274-cü (dövlətə xəyanət) maddə ilə tövsif olunan hərəkət törətməsinə inanmadığını da qeyd edib: "Onun vəkili Fuad Ağayev bildirilib ki, Rauf Mirqədirov Cinayət Məcəlləsinin 274-cü (Dövlətə xəyanət) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində məhkəmənin hökmü ilə həbs qətimkan tədbiri seçilib. Amma hələlik rəsmi heç nə yoxdur. Rauf Mirqədirovun işinə ədalətli baxılmasına çalışacağıq. Hazırda əməkdaşımız barədə ortada rəsmi heç nə olmadığı üçün, indidən nə etməli olduğumuzu deyə bilmərəm. Rəsmi ittiham irəli sürüldükdən sonra hansı addımı atacağımızı biliəcəyik".

Baş redaktor MTN-də saxlanılan əməkdaşı Rauf Mirqədirovla görüşmək istədiyini də bildirib: "Mən böyük məmnuniyyətlə onunla görüşmək istərdim. Amma ölkə qanunvericiliyinə görə, ibtidai istintaq zamanı saxlanılan şəxslə yalnız ailə üzvləri görüşə bilər".

Xatırladaq ki, "Ayna-Zerkalo" qəzetinin əməkdaşı Rauf Mirqədirov aprelin 19-da Türkiyədən Azərbaycana deportasiya edilib. Bakıda isə saxlanılıb və ona qarşı Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddə ilə təqsirləndirilib.

Amid
AzNews.az