Atası və qardaşı şəhid olan polisi işdən qovdular – FOTO

Qarabağ uğrunda savaşlarda ərini və oğlunu itirən ana daxili işlər orqanlarında baş verən və onun ailəsinə də təsir edən haqsızlıq və özbaşınalıqdan şikayətçidir. Bu barədə AzNews.az-a Mingəçevir şəhəri 3№-li uşaq baxçasında məskunlaşan Firuzə Fəqan qızı Əliyeva müraciət edib. Şəhid anası yazdığı məktubda bildirir ki,1992-ci ildə həyat yoldaşı Araz Şamməmməd oğlu Əliyev, bir il sonra isə oğlu Ayaz Araz oğlu Qarabağ uğrunda gedən döyüşlərdə şəhid olublar. Üstəlik, oğlu döyüşlərə polis kimi qatılıb. Belə ki, Ayaz Əliyev şəhid olarkən Ağdam rayon Polis şöbəsində polis nəfəri işləyirmiş. Onun sözlərinə görə, digər oğlu Mübariz Araz oğlu da Qarabağ uğrunda gedən döyüşlərdə iştirak edib və 1992-ci ildə yaralanıb. Buna baxmayaraq, bu illər ərzində Ağdam rayon İcra hakimiyyətindən və Ağdam rayon Polis şöbəsindən hər hansı kömək görməyib. Ana yazıb ki, kömək bir yana, üstəlik 2002-ci ildən polis şöbəsinin əməkdaşı olan oğlu Elgiz də haqsızlıqla üzləşib:

"Elgiz ailəmin davamçısıdı. Özü də 2002-ci ildən Ağdam rayon Polis şöbəsinin əməkdaşıdır. 1 il 6 ay idi ki, Ağdam rayon Dövlət Yol Polis bölməsinin baş inspektoru idi. Lakin polis orqanlarında baş verən haqsızlıqlar mənim oğlumdan da yan keçmədi".

Ananın sözlərinə görə, ötən ildən başlayaraq oğlu Ağdam rayon Polis şöbəsinin rəisi Elçin Qasımov tərəfindən təzyiqlərə məruz qalır. Axırıncı həmləsi isə Elgizin vəzifəsindən uzaqlaşdırılması olub. Elgizin vəzifəsini başqasına həvalə edərək, onunla işləmədiyini bildirib: "Mart ayının 28-də oğlumun Daxili İşlər orqanından azad olunması barədə məktub gəldi. Həmin məktubda oğlumla bağlı verilən qərar əsaslandırılmadığından səbəbi ilə maraqlanıram. Bir şəhid balasının, şəhid qardaşının polis orqanlarından xaric olunmasına səbəb nə ola bilər axı? Bu məqsədlə də Daxili İşlər Nazirliyinə üz tutdum. Dəfələrlə qəbula getdim. Nəinki səlahiyyətli şəxslərlə görüşə bildim, hətta yazılı müraciətlərimə də cavab ala bilmədim". Onun yazdığına görə, oğlunun vəzifəsindən azad olunmasının rəsmi izahı olmasa da, verilən qərar qeyri-rəsmi şəkildə əsaslandırılıb: "Ağdam rayon Polis şöbəsinin şəxsi heyət üzrə rəis köməkçisi Allahverdi Haqverdiyev Daxili İşlər Nazirliyinə məlumat verib ki, guya oğlum Əliyev Elgiz Araz oğlunu müdafiə etmək üçün mən aksiya keçirmişəm və Quzanlı yolunu bağlamışam. Hansı ki, mən heç ayaq üstə dayana bilmirəm, o ki qaldı yol bağlayam".

Qeyd edək ki, E.Əliyevin yerinə Ağdam rayon Dövlət Yol Polis bölməsinin baş inspektoru vəzifəsinə rəisin şəxsi heyət üzrə köməkçisi Allahverd Haqverdiyev təyin edilib. Ananın sözlərinə görə, A.Haqverdiyev həmin vəzifəyə külli miqdarda rüşvət verərək keçib. Ümumiyyətlə, Ağdam rayon Polis şöbəsində sıxışdırılan, polis orqanlarından xaric edilən şəhid ailəsi üzvü olan 8-ə yaxın şəxs var. Yeri gəlmişkən, bir müddət əvvəl Ağdam Rayon Polis şöbəsinin əməkdaşı Əbülfət Alı oğlu intihar etmişdi. Onun bu yola əl atması da şöbədə baş verən özbaşınalıqlarla izah olunurdu. Bildirilirdi ki, həmin gün Ə.İsmayılov polis rəisi tərəfindən təhqir olunub və onun ölümündə bu amil xüsusi rol oynayıb.


Ruhi
AzNews.az