Səhiyyəyə ayrılan vəsait 11 dəfədən çox artıb

Azərbaycanda 2003-cü illə müqayisədə 2014-cü ildə səhiyyəyə ayrılan büdcə vəsaiti 11 dəfədən çox artıb. Səhiyyə Nazirliyinin saytında verilən məlumata görə, bunu edən Səhiyyə Nazirliyi Tibbi yardımın təşkili şöbəsinin müdiri Gülmirzə Poladov nazirliyin səyyar kollegiya iclasında cıxışı zamanı deyib.

O qeyd edib ki, 2013-cü ildə ölkəmizdə 81 tibb ocağında təmir-tikinti işləri aparılıb. "2014-2018-ci illərdə Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqram" na daxil edilməsi üçün Ağdam rayonunda 16, Bərdə rayonunda 6, Yevlax rayonunda 5, Tərtər rayonunda 10, Mingəçevir şəhərində isə 2 tibb müəssisəsinin təmiri və tikintisi məqsədi ilə Səhiyyə Nazirliyi tərəfindən təkliflər hazırlanaraq İqtisadiyyat və Sənaye Nazirliyinə təqdim edilib.

G.Poladov qeyd edib ki, 10 ildə Azərbaycanda ölüm göstəricisinin azalıb, doğum, təbii artım göstəriciləri isə yüksəlib. Bu göstəricilərə görə ölkəmizin Avropa dövlətləri sırasında ilk yerlərdən birini tutduğunu dedi: "Görülən tədbirlər nəticəsində ana və uşaqların sağlamlığını xarakterizə edən göstəricilərdə müsbət dinamika var. On il ərzində körpə ölümü göstəricisi 16,7 promillidən 10,8-ə , ana ölümü əmsalı 18,5-dən 14,5-ə enib. Bu illər ərzində orta ömür uzunluğu artaraq 72,3 yaşdan 73,9 yaşa çatıb".

Şöbə müdiri bildirdi ki, Prezident İlham Əliyevin müvafiq tapşırığına əsasən ölkəmizdə fevralın 17-dən başlayan əhalinin sağlamlığının etibarlı şəkildə qorunması, xəstəliklərin erkən aşkara çıxarılması və insanların vaxtında müalicəyə cəlb olunması məqsədi ilə icbari dispanserizasiya tədbirləri həyata keçirilir. İndiyədək Ağdam rayonu üzrə 40600, Bərdə rayonunda 63199, Tərtər rayonunda 51938, Yevlax rayonunda 106803, Mingəçevir şəhərində 24484 nəfər tibbi müayinəyə cəlb olunub. Müayinələr zamanı 5 rayon üzrə 30548 xəstə aşkarlanıb, müvafiq müayinə və müalicə tədbirləri həyata keçirilib.

AzNews.az