Rəfail Becanov: “Bu qanun yeni dönəmin başlanğıcı olacaq”

İnsan Hüquqları və Maarifçilik İctimai Birliyi Sumqayıt bələdiyyələri ilə ictimai müzakirə keçirib. Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə İnsan Hüquqları və Maarifçilik İctimai Birliyinin "Səmərəli bələdiyyə idarəetməsində və qərarların qəbulunda QHT-lərin rolunun gücləndirilməsi" layihəsi çərçivəsində tədbirləri davam edir. Növbəti tədbir Sumqayıt şəhərində keçirilib. Sumqayıt şəhər bələdiyyəsi, Corat və H.Z.Tağıyev qəsəbə bələdiyyələrinin rəhbərliyi, üzvləri, məhəllə komitələti, bələdiyyə qulluqçuları, QHT və KİV təmsilçilərinin keçirilən ictimai müzakirəni giriş sözü ilə İnsan Hüquqları və Maarifçilik İctimai Birliyinin sədri Rəfail Becanov açıb. Rəfail Becanov bildirib ki, bu layihə çərçivəsində ikinci ictimai müzakirədir: "Bələdiyyə idarəetməsində QHT-lərlə əlaqələrin gücləndirilməsi ictimai münasibətlərin inkişafı, şəffaf büdcə prosesinə dəstək verməklə, əhalinin müxtəlif ictimai problemlərinin öyrənilməsi, ictimai müzakirəyə çıxarılması, sosial layihələrdə əhalinin istəklərinin nəzərə alınması və qərarların qəbulunda səmərəliliyə yardım edilə bilər. "İctimai iştirakçılıq haqqında" Qanun qəbul edilib. Bu da bələdiyyə idarəetməsində də yeni bir dönəmin başlamasına imkan açır. İctimai iştirakçılığın tətbiqi bələdiyyələrin həyata keçirdiyi layihələrin şəffaflığında mühüm əhəmiyyət kəsb edir. Bu qanunun tətbiqi ilə bələdiyyələr innovativ maliyyə mənbələrini tapmaqda üstünlük əldə edə bilər. QHT-lərlə birgə bələdiyyələr birgə müxtəlif layihələr hazırlaya və bu layihələrin icrası üçün donorlar tapa bilər".

İnsan Hüquqları və Maarifçilik İctimai Birliyinin sədr müavini, layihənin eksperti Qaya Əliyev məruzə ilə çıxış edib: "Hazırda bələdiyyələrin öz işlərini görmək üçün maliyyə imkanları məhdududur. 2012-ci ilin yekununa görə, bələdiyyələrin 35 milyon manat gəliri olub. Bu vəsait 1718 bələdiyyə arasında bölmüş olsaq, hər ay bir bələdiyyəyə təxminən 1500 manat pul düşür. Lakin alternativ mənbələr və QHT-lərin dəstəyi ilə yeni maliyyə mənbələri tapmaq mümkündür.Qanunsuzluqlara görə indiyə kimi 150 bələdiyyə sədri həbs olunub, 500-dən çox bələdiyyə ilə bağlı müvafiq cinayət işləri açılıb. Bələdiyyələr QHT-lərlə əməkdaşlıq etsə, ictimai problemlərin öyrənilməsində onların imkanlarından yararlansa, həm şəffaflıq prinsipləri qorunar, həm səmərəli idarəçilik hesabına qanun pozuntularına yol verilməz".

Sumqayıt bələdiyyəsinin üzvü, icra katibi Akif Kərimov çıxış edərək Sumqayıt bələdiyyəsinin vətəndaş cəmiyyəti institutları ilə əlaqələrindən danışıb. O, bilidirib ki, Sumqayıt bələdiyyəsi QHT-lərə açıq bələdiyyələrdən biridir. Təkcə İnsan Hüquqları və Maarifçilik İctimai Biliyi ilə bu bizim 3-cü birgə tədbirimizdir: "Həm məhəllə komitələrinin fəaliyyəti, həm də bələdiyyə büdcəsinin şəffaflığı mövzusunda birgə tədbirimiz olub. Əməkdaşlıq etdiyimiz digər QHT-lər də vardır. Bu əlaqələr gün-gündən artan xətt üzrə inkişaf edir. Sumqayıt bələdiyyəsinin ictimai iştirakçılıqla bağlı problemi yoxdur və bu proses davam edəcək".

"Azərbaycanlılar Beynəlxalq Arenada" İctimai Birliyinin sədri Ramilə
Eminli Azərbaycanda bələdiyyəçiliyin inkişafından danışdı. O, bildirib ki, bizdə bələdiyyə institutu yeni olsa da, çox işlər görülüb. Amma bu işlər davam etdirilməlidir. Bu inkişafda isə əsas vəzifələrdən biri də vətəndaş cəmiyyətinin üzərinə düşür. "Sumqayıtxəbər.az" portalının rəhbəri Eyvaz Qocayev bələdiyyələrin fəaliyyətində gənclərin rolundan danışıb. O, bildirib ki, bələdiyyələr gənclərlə əlaqələrinin genişləndirməlidir: "Bu əlaqələr təkcə bələdiyyələrin fəaliyyətində deyil, bələdiyyə seçkilərində də nəzərə alınmalıdır. Gənclərin və kreativ düşüncə tərzi olan namizədlərin bələdiyyələrdə təmsil olunması bələdiyyələrin fəaliyyətinə stimul verə bilər".

Daha sonra QHT rəhbərlərindən İndira Şəmsivari, Tahirə Nağıyeva, Mətanət Məhərrəmova, Corat qəsəbə bələdiyyəsinin sədri, Tofiq Mahmudov, H.Z.Tağıyev qəsəbə bələdiyyəsinin sədri Arif Qafarov, məhəllə komitələrinin təmsilçilərindən Solmaz Zeynəddinova, Gülnarə Ağayeva, Əhməd Abbasov, Süleyman Əsgərov, Mikayıl Cəbrayılov, gənc yazar Günel Eyvazlı digərləri çıxış ediblər.

AzNews.az