Şahin Sultanov həbs edildi- Yenilənib-2

Ötən ay Prezidentin sərəncamı ilə vəzifəsindən azad edilən Hərbi Dəniz Qüvvələrinin (HDQ) komandanı, vitse-admiral Şahin Sultanovun həbs olunması ilə bağlı qafqazinfo-ya məlumat daxil olub.

Eks-komandan Şahin Sultanovun dünən saxlanıldığı bildirilir.

Qeyd edək ki, Şahin Sultanov ordudan xidməti uyğunsuzluğa görə tərxis olunub. Bu barədə ilk məlumatı AzNews.az saytı yaymışdı.

Xatırladaq ki, Zakir Həsənov Müdafiə naziri postuna təyin olunduqdan sonra HDQ-da daxili yoxlamalar aparılıb və ciddi nöqsanlar aşkar olunmuşdu.(12.06)

***
Müdafiə Nazirliyi Hərbi Dəniz Qüvvələrinin (HDQ) keçmiş komandanı, vitse-admiral Şahin Sultanovun həbsi ilə bağlı xəbərə münasibət bildirib.

Nazirliyin mətbuat xidmətindən AzNews.az-a açıqlamasında deyib ki, Ş. Sultanov bu ilin martında prezidentin sərəncamı ilə vəzifəsindən azad edilib: "Şahin Sultanov artıq Müdafiə Nazirliyinin hərbi qulluqçusu sayılmadığına görə, bu haqda bizə heç bir rəsmi məlumat daxil olmayıb. Bu haqda Müdafiə Nazirliyi deyil, Respublika Hərbi Prokurorluğdan soruşmağınız məsləhət görülür".

Qeyd edək ki, "Qafqazinfo" HDQ-nın keçmiş komandanı Şahin Sultanovun həbs olunması ilə bağlı məlumat yayıb. Məlumatda bildirilib ki, eks-komandan Şahin Sultanov dünən həbs olunub.

***
Azərbaycan Müdafiə Nazirliyi Hərbi Dəniz Qüvvələrinin (HDQ) sabiq komandanı, vitse-admiral Şahin Sultanov tutulub.

Hərbi mənbələrdən APA-ya verilən məlumata görə, Ş. Sultanov Respublika Hərbi Prokurorluğunda başlanmış cinayət işi ilə əlaqədar şübhəli şəxs qismində saxlanılıb.

O, Cinayət Məcəlləsinin 313-cü (vəzifə saxtakarlığı) və 179.3.2-cü (mənimsəmə - külli miqdarda törədildikdə) maddələri ilə təqsirli bilinir.

AzNews.az xatırladır ki, Zakir Həsənov müdafiə naziri postuna təyin olunduqdan sonra HDQ-da daxili yoxlamalar aparılıb və ciddi nöqsanlar aşkar olunub. HDQ-nın komandanı Şahin Sultanov da bir müddət əvvəl tutduğu vəzifədən çıxarılıb. Buna qədər isə HDQ-da nüfuz sahibi olan arxa cəbhə təminatı xidmətinin rəisi, polkovnik-leytenant Hüseynov Seyfi Ramazan oğlu, sabiq müdafiə naziri Səfər Əbiyevin yaxın adamı, "kod 555" adı ilə tanınan ehtiyatda olan miçman Elxan Hacıyev və hərbi birləşmənin ərzaq xidmətinin rəisi, polkovnik-leytenant Hafiz Bauşev və Gəmilərin Xilasetmə Dviziyonunun komandiri, 3-cü dərəcəli kapitan (mayor) İlkin Əsgərov və Hidroqrafiya bölməsinin rəisi 1-ci dərəcəli kapitan (polkovnik) Qasım Quliyev həbs olunub. Hərbi birləşmənin Mənzil İstismar Sahəsinin rəisi, Elxan Hacıyevin oğlu Rövzat Hacıyev isə işdən çıxarılaraq, istintaqa cəlb edilib.

Bu hərbçilər də vəzifə səlahiyyətlərindən sui-istifadə etmək və dövlət əmlakını mənimsəməkdə ittiham olunur.

AzNews.az