Aleksandr Turçinov Rusiyanı cinayətkar adlandırdı

Ukrayna prezidentinin səlahiyyətlərini icra edən, Ali Radanın sədri Aleksandr Turçinov ölkənin cənub-şərq vilayətlərində antiterror tədbirlərinin bərpa edilməsini tələb edib.

AzNews.az-ın yerli mediaya istinadən verdiyi məlumata görə, A. Turçinov bildirib ki, iki gün əvvəl Donetsk vilayəti Slavyansk şəhərində iki nəfər vəhşicəsinə qətlə yetirilib. Onlardan biri Qarlovski şəhər Şurasının deputatı, Batkivşina Partiyasının üzvü Vladimir Rıbak olub: "Məndə olan məlumata görə, Vladimir Rıbak terrorçular tərəfindən oğurlanmışdı. Belə demək olar ki, terrorçular bütün Donetski vilayətini əsir götürüblər. Bu azmış kimi Ukraynanın bütövlüyünü istəyən şəxslərə işgəncə verir və onları öldürürlər. Bununla da onlar bütün sərhədləri aşıblar. Onlar Cenevrədə qəbul edilmiş razılaşmanı təhqir etməklə yalnız bizim dövlətimizə deyil, bütün dünyaya hədə ismarışı göndərirlər".

A.Turçinov baş verənlərdə Rusiyanın əlinin olduğunu da deyib: "Bu cinayətlər Rusiya Federasiyasının tam dəstəyi və havadarlığı ilə baş verir. Mən güc strukturlarından tələb edirəm ki, Ukraynanın şərqində yaşayan vətəndaşlarımızı terrorçulardan qorumaq üçün antiterror əməliyyatlarını bərpa etsinlər və məhsuldar tədbirlər həyata keçirsinlər".

Qeyd edək ki, Pasxa bayramı və Cenevredə 4 tərəfli danışıqlarla bağlı Ukrayna ölkənin şərq vilayətlərində antiterror əməliyyatları ayandırmışdı. Aprelin 17-də isə danışıqların yekunu olaraq, ölkənin cənub-şərq vilayətlərində separatçılar güzəşt nümayiş etdirməli idilər.

Aydan Axundova
AzNews.az