Bəxtiyar Hacıyev Azərbaycandan gedir

Gənc fəal Bəxtiyar Hacıyevin Azərbaycandan getmək xəbəri yayılıb. Bildirilir ki, Hacıyev son vaxtlar ətrafında baş verənlərə etiraz əlaməti olaraq ölkədən birdəfəlik getmək niyyətindədir. Özü isə dünən bu barədə Facebook profilində paylaşdığı statusla deyilənlərin dolayısıyla həqiqətəuyğun olduğunu təsdiqləyib:

"Bu gün prezident İ.Əliyevə Nəsimi Polis İdarəsinin rəis müavini Mehman Əliyevin ədəbsizliyi barədə şikayət yazdım. Bu, o Mehman Əliyevdir ki, keçən il küçədə gedən vətəndaşa arxadan təpik və şillə vurmuşdu, amma onunla bağlı heç bir tədbir görülmədi. Eyni zamanda artıq ciddi-ciddi Azərbaycandan getmək barədə düşünürəm. Adamı o qədər sıxırlar ki, narahat Avropa və Amerika bir tərəfə, adam sabah Rusiya səfirliyinə zəng edib pasport almaq istədiyini bildirmək barədə də düşünür".

Qeyd edək ki, son günlər Hacıyev tanınmış aktrisa Mətanət Əhmədova və həyat yoldaşı, Türkiyə vətəndaşı Nurettin Ereslə problemlər yaşayır. Hətta aktrisanın şikayəti əsasında gənc fəal barəsində cinayət işi başlanıb.

İntiqam Valehoğlu
AzNews.az