Rusiya tövlələrində yaşayan azərbaycanlı “iş adamları”

İndi Rusiyaya gedənlərin hamısına "iş adamları" deyilir. İş adamları – maraqlı ifadədir...

Böyük işlərlə məşğul olan, mövqeyini itirməyən, ailələrinə öz dəstəyini əsirgəməyən insanlardan danışmaq fikrimiz yoxdur. Diqqətə çatdıracağımız nüans özlərini "iş adamı" kimi təqdim edən, lakin nə ilə məşğul olduqları bəlli olmayanlarla bağlı olacaq. Əvvəlcə onu qeyd edək ki, son illər ölkəmizdə işləmək və qazanc əldə etmək istəyənlər üçün münbit şərait yaradılıb. Lakin nədənsə ahu-zar etmək bizdə geniş yayıldığından, "iş yoxdur", "pul yoxdur" deyənlərə də rast gəlmək olur. Amma reallıq əsla belə deyil.

Sirr deyil ki, bu gün istənilən sahədə bilik və bacarığı olan vətəndaş qazanc əldə etməkdə çətinlik çəkmir. Bunu istirahət mərkəzlərinə, kafelərə, restoranlara baş çəkməklə də görmək olar. Əgər bu obyektlər doludursa, deməli, buradakı adamların hər biri ailəsində olan problemləri həll edib, indi də qazandığının artıq hissəsini xərcləməyə gəlib. Yox əgər belə deyilsə, onda öhdəliklərinə götürdükləri məsuliyyətin yükünü çəkməklə məşğul olsunlar, daha mənasız yerə bir-birinin şəninə təriflər yağdırıb pullarını xərcləməsinlər.

İndi isə qayıdaq yazımızın məğzinə, yəni "iş adamaları"na...

Əgər biri xaricə qazanc dalınca gedirsə, deməli vətənindəki gəlir onu qane etmir. Belə olan halda gəlin görək Rusiyada fəaliyyət göstərən insanların hamısımı niyyətinə çatırmı? Əlbəttə ki, yox! Birdə görürsən, illərdir Rusiyanın harasındasa guya böyük bir işlə məşğul olan soydaşımız vətənə dönür - "əli ətəyindən uzun". Bəs, illərlə qazandığı pullar haradadır? Məlum olur ki, xaricdə ucqar bir əyalət kəndində fermer təsərrüfatında çalışıb. Qazancı isə ancaq yeməyinə və yaşamağına çatıb.

Belə olan təqdirdə, niyə öz ev-eşiyinə geri dönməyib? Hə... bax, bu da ayrı bir mövzudur. Nəzərə alsaq ki, Rusiyanın kəndlərində başı papaqlı kişi tapmaq çətindir, qalanlar da ayıq olmurlar ki, papaqlarının harda olması yadlarına düşsün. Zahiri görünüşü ilə kənd xanımlarından azacıq seçilən qızlar isə böyük şəhərlərə qazanc dalınca gedib və kəndlər isə boşalıb. Beləliklə burada "Papaq"sız qalmış İvanlarla, Matryonalardan başqa heç kim yoxdur. Doğma el-obasında ana dilində iki cümlə danışa bilməyən azərbaycanlı belə olan halda, Rusiyada kiminlə və nədən danışa bilər, özü də əcnəbi dildə? Bax, burda boşalmış kəndlər kara gəlir, daha doğrusu, bizimkilər o kəndlərə kara gəlirlər. Özü də təkcə işçi kimi yox, hətta evlənib oralarda qalanlar da tapılır. Bizim heç kimi qınamaq və ya kiminsə şəxsi həyatına müdaxilə etmək fikrimiz yoxdur, sadəcə elə-belə dedik ki, biləsiniz.

Azərbaycanda bu qədər iş yeri olduğu halda, nədən vətənindən qıraqda təhqirlərə, aşağılamalara məruz qalaraq, evində qazana biləcəyindən az məvaciblə hansısa bir İvanın tövləsində və ya tarlasında çalışmağı özünə şərəf bilən insanları başa düşə düşmək çətindir! Yəqin ki, matryonalar bizim fatmalardan daha təcrübəlidir və kişini yanında saxlamağın sirlərini bizdən daha yaxşı bilir. Burada deyiblər ki, "Ham gedib quş gətirir, Şahqulu bayquş gətirir".

N.Əmrah