Kiyevdə Zərifə Əliyevaya həsr edilən kitabın təqdimatı olub

Kiyevdə "Xəstəxanadaxili infeksiyaların aktual problemləri: mikroorqanizmlərin mikroblara qarşı preparatlara rezistentliyi, dezinfeksiya və sterilizasiya" mövzusunda beynəlxalq elmi-praktiki konfransda "İnfeksiya nəzarəti standartları" kitabının təqdimatı olub.

Kitabın müəllifi həmvətənimiz, tibb elmləri doktoru, Ukrayna Dövlət Sanitar-Epidemioloji Xidmətinin baş mütəxəssisi, Dünya Səhiyyə Təşkilatının Avropa Bürosu yanında Ukraynanın milli əlaqələndiricisi Aydın Salmanovdur.
AzərTAc xəbər verir ki, konfransın işində Dünya Səhiyyə Təşkilatının, Ukrayna Ali Radasının, Ukrayna Səhiyyə Nazirliyinin, Ukrayna Milli Tibb Elmləri Akademiyasının, Ukrayna Dövlət Sanitar-Epidemioloji Xidmətinin nümayəndələri, ABŞ, Kanada, Almaniya, Türkiyə, Belarus və Gürcüstandan gəlmiş aparıcı alimlər iştirak ediblər.
Beynəlxalq konfransın işini milli və beynəlxalq televiziya kanalları, habelə çoxsaylı elektron kütləvi informasiya vasitələri işıqlandırıb.
Kitabın "Cərrahiyyədə risklərin idarə edilməsi" adlanan birinci hissəsi görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın elmi fəaliyyətinə, habelə kitabın müəllifinin N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunda təhsil aldığı dövrlə (1970-ci illərin sonu 1980-ci illərin əvvəli) bağlı Zərifə xanım Əliyeva haqqında xatirələrinə həsr edilib.
Kitabın ikinci hissəsində müalicə-profilaktika müəssisələrinin işində tətbiq edilmək üçün risk-menecment sisteminin əsas prinsiplərinin formalaşmasına yanaşmalar nəzərdən keçirilir.
Səhiyyə sahəsində risklərin idarə edilməsi ilə bağlı mühüm elmi-praktiki informasiyanın cəmləşdiyi bu kitab hüquqşünaslar, səhiyyə təşkilatçıları və menecerləri, müxtəlif ixtisaslar üzrə həkimlər, əczaçılar, epidemioloqlar, habelə I-IV səviyyəli tibbi profilli ali məktəblərin müəllimləri və tələbələri üçün nəzərdə tutulub.
Qeyd edək ki, Aydın Salmanov 192 elmi işin, 10 monoqrafiyanın, tibbi ali məktəblərin tələbələri üçün iki dərsliyin və bir tədris vəsaitinin müəllifidir. Bundan əlavə, o, Ukraynanın səhiyyə sahəsində üç qanunun və Ukraynada xəstəxanadaxili infeksiyalara fəal epidemioloji nəzarət milli konsepsiyasının müəllifidir. Ukrayna Nazirlər Kabinetinin fəxri fərmanı və dörd dəfə Ukrayna Səhiyyə Nazirliyinin fəxri fərmanları ilə təltif edilib.

AzNews.az
image description image description