Ünvanlı sosial yardım istəyənlərə - Xəbər var - VİDEO

Əhalinin aztəminatlı hissəsinin rifahını yaxşılaşdırmaq üçün dövlət tərəfindən verilən ünvanlı sosial yardımın təyin olunması qaydası dəyişəcək.

İndiyə qədər hüquq-mühafizə orqanları tərəfindən bu sahədə aşkar edilən qanun pozuntuları hökuməti bu addıma vadar edib. Yardımın təyin olunmasının bütün prosedurları elektronlaşacaq.

Ünvanlı sosial yardım almaq istəyən vətəndaşlar bundan sonra müxtəlif idarələrin qapısında gözləməyəcək. Tətbiq olunacaq yeni sistemə əsasən, sosial yardım almaq istəyən şəxs, öz ailə tərkibi, aylıq gəliri, əmlakı və digər məlumatları əks etdirən sənədləri yazılı formada yox, elektron şəkildə müvafiq dövlət qurumunda qeydiyyatdan keçirə biləcək. Avtomatlaşdırılmış sistem tətbiq olunduqdan sonra vətəndaşlar telefonla zəng etməklə və ya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron saytına daxil olub, öz şəxsiyyət vəsiqəsinin nömrəsini daxil edərək, ünvanlı sosial yardım üçün müraciət edəcəklər. Amma belə bir sistemin tədbiq olunması üçün bir sira etapların həyata keçməsi vacibdir.

Məsələyə başqa prizmadan yanaşaq. Sənədlərin toplanması prosesinin elektron qaydada həyata keçirilməsi, ölkədə fəaliyyət göstərən qurumların işinin daha da şəffaflaşdırılması yolunda atılan addım kimi də qiymətləndirmək olar. Vətəndaşla dövlət arasında mövcud münasibətlərin minimuma endirilməsi, bu vaxta qədər olan rüşvətlə bağlı söz-söhbətlərə də son qoya bilər. Görünür, korrupsiya hallarının aradan qaldırılması nazirlik tərəfindən təkbaşına öhdəsindən gələ biləcək problem olmadığından, digər dövlət qurumları da bu işə müdaxilə etməli olub.

Ümumiyyətlə, ölkədə ünvanlı sosial yardımın verilməsinə 2006-ci ildən başlanılıb. Hazırda ölkədə 140 min 711 ailə ünvanlı sosial yardım alır. Yeni tətbiq olunan qaydaya görə, ünvanlı sosial yardım alan, amma əslində aztəminatlı təbəqəyə aid olmayan ailələrin də üzə çıxmsına kömək edəcəyi gözlənilir. Ehtimal edilir ki, artıq dünyanın bir çox ölkələrində tədbiq olunan bu sistemə, işbazlar özünəməxsus şəkildə müdaxilə etməyəcəklər.



AzNews.az