“Xəzərin statusuna dair danışıqlardan imtina edilməlidir“ - MÜSAHİBƏ

Azərbaycan keçmiş dövlət müşaviri, Xəzər regionu dövlətlərinin siyasi tədqiqatı Fondunun prezidenti Vəfa Quluzadə AzNews.az-a müsahibə verib. O müsahibəsində deyib ki, İran və Rusiya Xəzərin hüquqi statusunun həll olunmamasına maneə yaradır. Həmçinin, Rusiya Xəzər dənizinə tam nəzarət etmək niyyətindədir.

- Xəzəryanı ölkələrin xarici işlər nazirləri Moskvada Xəzərin hüquqi statusu ilə bağlı görüş keçirdi. Bu görüşdən sonra məsələnin həllində hər hansı irəliləyiş ola bilərmi?

- Xəzər artıq sektorlara bölünüb və hər bir ölkənin burada öz payı var. Dövlətlər tamamilə müstəqil sürətdə bu ərazi çərçivəsində iş aparmaq hüququna malikdirlər. Suyun səthi isə ümumidir və sərhədlər yoxdur. Bundan başqa Rusiya Xəzərdə güclü hərbi donanma saxlayır. Rusiya istəyir ki, hərbi donanması beynəlxalq hüquq normalarını pozmadan, təcəvüzdə ittiham edilmədən Xəzərdə istədiyi yerə göndərmək imkanı olsun. Daha doğrusu, Rusiya Xəzərdə də hökmuranlığa nail olmaq istəyir. Belə olan halda dənizin altı da gərək konsensusla həll olunmalı və suyun dərinliyində görülən hər bir işə ümumi razılıq olmalıdır. Bu məsələ konsesusla həll olunanda Rusiya və İranın burada veto hüququ olur. Beləliklə Rusiyanın icazəsi olmadan Xəzəryanı dövlətlər bir-birləri ilə suyun altında heç bir əlaqə yarada bilməyəcəklər. Mən burada əsasən neft və qaz boru kəmərləri ilə bağlı məsələni nəzərdə tuturam.

- Burada İranın marağı hansı aspektdədir?

- İran Xəzərin sektorlara bölünməsi ilə razı deyil. O hesab edir ki, Xəzərin sektorlara bölünməsi Sovet İttifaqı vaxtı olub və bu məsələyə yenidən baxılmalıdır. Əslində isə Xəzəryanı ölkələr Sovet İttifaqına müstəqil dövlət kimi daxil olub. Ona görə Sovet İttifaqı dövründə Xəzərin sektorlara bölünməsi tam qanuni idi. İrana da orada sektor verilmişdi və bundan da həmin dövlət tamamilə razı idi. İndi İran istəyir ki, Xəzər 5 ölkə arasında yenidən bərabər bölünsün. Buna da digər ölkələr etiraz edirlər. Rusiya da İranın bu mövqeyi ilə razı deyil. Həmçinin, Xəzəryanı dövlətlər Rusiyanın Xəzərdə hökmüranlıq etmək haqqı və hüququ ilə razılaşa bilmir. Ona görə ortaq məxrəcə gəlinmir. Türkmənistanın mövqeyi isə demək olar ki, Azərbaycanla üst-üstə düşür. Çünki maraqlarımız eynidir. Lakin Rusiya müxtəlif təzyiqlər göstərərək öz istəyinə nail olmağa cəhd edəcəkdir.

- İranın Xəzərlə bağlı iddiasının qarşısını necə almaq olar?

- Hələ ki, beynəlxalq hüquq işləyir və hər bir ölkənin veto haqqı var. Azərbaycanın da veto hüququ mövcuddur. Ona görə Rusiyanın və yaxud İranın bizim maraqlarımıza toxunan hər hansı iddiasına veto qoya bilərik.

- Bu ilin payızında Həştərxanda keçiriləcək Xəzər sammitində bu məsələnin həllində irəliləyişin olacağını gözləmək olarmı?

- İrana əsas təzyiqlər məncə payızda dövlət başçıları səviyyəsində Xəzəryanı dövlətlərin görüşündə olacaq. İndiki Moskva görüşü də ona hazırlıq idi.

- Azərbaycan bu məsələnin həllində hansı addımlar atmalıdır?

- Əslində Xəzərin hüququ status çoxdan həll olunub. Onu yenidən həll etməyə ehtiyac yoxdur. Hər bir ölkənin Xəzərdə öz sektoru var. Hesab edirəm ki, Xəzərin hüquqi statusu məsələsi ilə bağlı danışıqlara ehtiyac yoxdur. Təkcə bir məsələ var, bu da hüququ statusun təsdiqlənməsidir.

Amid Əyyuboğlu
AzNews.az