Kürətrafı rayonlara yeni su kəməri çəkilir

Kürətrafı rayonların içməli suya olan tələbatının ödənilməsi üçün görülən işlər sürətləndirildi.

"Azərsu" Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, qurum regionlarda istehlakçıların içməli su təchizatının yaxşılaşdırılması məqsədi ilə yeni layihələrin icrasını davam etdirir. İçməli su çatışmazlığının müşahidə olunduğu Kürətrafı rayonlarda su probleminin həll edilməsi məqsədi ilə Talış-Sabirabad-Saatlı magistral su kəmərinin tikintisi uğurla həyata keçirilir. Magistral kəmərin istismara verilməsi ilə Sabirabad və Saatlı şəhərlərinin, həmçinin marşrut boyunca yerləşən 44 kəndin 143 min nəfər sakini keyfiyyətli içməli su ilə təmin olunacaqdır. Bununla belə Sabirabad və Saatlı şəhərlərinin su təchizatı və kanalizasiya infrastrukturları da yenidən qurulur.

Məlumatda o da qeyd edilib ki, sözügedən işlər Azərbaycan hökuməti ilə Dünya Bankının birgə maliyyələşdirdiyi "Milli Su Təchizatı və Kanalizasiya Xidmətləri Layihəsi" çərçivəsində həyata keçirilir. Mənbəyini Hacıqabul rayonunun Talış kəndi yaxınlığında yerləşən Kür sutəmizləyici qurğular kompleksindən götürən Talış-Sabirabad-Saatlı su kəməri 61,5 km layihələndirilib. Kəmərin 25,7 km hissəsi 810 mm diametrli metal və polietilen, qalan hissəsi isə 500 mm, 630 mm, 710 mm, 800 mm diametrli polietilen borularla çəkilir. İndiyə qədər kəmərin 45 km-lik hissəsində işlər başa çatdırılıb.

Amid
AzNews.az