Azərbaycanda əcnəbilərin sayı artıb

Bu ilin 6 ayı ərzində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayı 5,5 faiz artıb.

DSMF-dan AzNews.az-a verilən məlumata görə, iyulun 1-i tarixinə olan statistikaya əsasən, bu artımdan sonra fərdi uçot sistemindəki əcnəbilərin sayı 18 031 nəfərə yüksəlib. Ümumilikdə 102 ölkənin vətəndaşlarını əhatə edən əcnəbilər arasında ən yüksək say göstəricisi Тürkiyə, Gürcüstan və Rusiya vətəndaşlarına məxsusdur. Belə ki, hazırda sistemdə qeydiyyatda olan əcnəbilərin 10 352 nəfərini Türkiyə vətəndaşları, 1 960 nəfərini Gürcüstan vətəndaşları, 956 nəfərini Rusiya Federasiyasının vətəndaşları təşkil edir. Sonrakı yerlərdə İran İslam Respublikası (582), Hindistan (444), Çin Xalq Respublikası (421), Böyük Britaniya və Şimali İrlandiya Krallığı (277), Özbəkistan (211), Banqladeş Xalq Respublikası (194),Ukrayna (169), Pakistan İslam Respublikası (164), Almaniya (162), Filippin (140), Bosniya və Herseqovina (131), Qazaxıstan (129), Türkmənistan (127), İtaliya Respublikası (121) ABŞ (120), Malayziya (93) və s. ölkələr gəlir.

Xatırladaq ki, 2006-cı ilin yanvarın 1-dən Azərbaycan Respublikası mənbələrindən əmək ödənişi və məcburi dövlət sosial sığorta haqqına cəlb olunan digər gəlirləri əldə edən əcnəbilərin məcburi dövlət sosial sığortası ilə əhatə olunması prosesinə başlanılıb.


Amid
AzNews.az