ODA Teatrı biletlərin qiymətini aşağı saldı

İyulun 15-i müstəqil ODA Teatrının 1 yaşı qeyd edilib.

AzNews.az-a daxil olan məlumata görə, tədbirdə media nümayəndələri, aktyorlar, rejissorlar və yazarlar iştirak ediblər. Tədbiri açıq elan edən teatrın təsisçisi və rəhbəri Elmin Bədəlov ODA-nın necə yaranmasından danışıb: "ODA təsis olunmamışdan öncə biz gənclərlə birgə "teatr qrupu" formasında toplaşırdıq. Daha sonra 2013-cü il iyulun 15-də teatr olaraq tamaşaçıların görüşünə gəldik. Bu yolda bizə dəstək olan hər bir kəsə - tamaşaçılarımıza, bizi sevənlərə, media nümayəndələrinə xüsusi təşəkkürümüzü bildiririk".

E.Bədəlov daha sonra teatrın gördüyü işlərdən söz açıb: "Biz "teatr qrupu" kimi fəaliyyət göstərəndə "Evlənmə" tamaşasını nümayiş etdirmişdik. Tamaşanı 5 dəfə "D31" kitab evində nümayiş etdirdik. Hər nümayişə 80-90 nəfər tamaşaçı gəlmişdi. Ümumilikdə 400 nəfərdən çox edirdi. Daha sonra bu tamaşanı 1 dəfə Xətai rayonunda yerləşən Bakı Xətai Sənət Mərkəzində 500-dən çox insana nümayiş etdirdik.

ODA teatrı daha çox Facebook sosial şəbəkəsi vasitəsilə tamaşaçı toplayır. Teatrımızın rəsmi səhifəsi belədir: fb.com/teatroda

Teatr rəhbəri qeyd edib ki, teatrın bütün tamaşalarının biletləri standart olaraq 3 manata endirilib: "Tamaşaların biletlərinin qiyməti 3, 4, 5 manatdan başlayırdı. Lakin biz qərara gəldik ki, bütün tamaşaların biletlərinin qiymətini 3 manata endirək. Çünki Azərbaycan tamaşaçısının bir o qədər yüksək gəliri olmadığı üçün biletlərin ucuz satılması onların tamaşalarda iştirakını təmin edə bilər. Belə olan halda tamaşaya çox insan qatılacaq və ölkədə teatra marağı artıra biləcəyik".



AzNews.az