“Cavan oğlanlara meylim yoxdur”- Əməkdar artist

Gənc Tamaşaçılar Teatrının aktrisası, əməkdar artist Naibə Allahverdiyevanın Milli.Az-a müsahibəsi.

- Naibə xanım, geridə qalan teatr mövsümü sizinçün hans hadisələrlə əlamətdar oldu?

- İlk növbədə, bizim gözəl oxucularımıza yay mövsümündə gözəl istirahətlər arzu edirəm. Qoy hər kəs bu mövsümdə arzuladığı, istədiyi yerdə istirahət edə bilsin. Sualınıza gəlincə, bu teatr mövsümü mənimçün çox əlamətdar oldu. Bildiyiniz kimi Azərbaycana Mister Yan adlı ingilis rejissoru gəlmişdi. Mən onun hazırladığı "Konimarada kəllə" tamaşasında rol aldım. Bu tamaşadakı rolum mənim üçün yeni bir amplua idi. 75 yaşlı kök bir qadını-Mericoneni oynayırdım. Bu rolum həm tamaşaçılar, həm də teatr tənqidçiləri tərəfindən çox yaxşı qarşılandı. Rejissor yozumu da mənim üçün fərqli idi. Mister Yanla işləmək şəxsən mənimçün çox maraqlı oldu. Mən həm də yeni rejissor fikrinin, yozumunun şahidi oldum. Bundan başqa İlyas Əfəndiyevin "Sarıköynəklə Valehin nağılı" əsərində Simuzər rolunu oynadım. Bu tamaşaya Gənc Tamaşaçılar Teatrının baş rejissoru Bəhram Osmanov quruluş vermişdi.

- Adını çəkdiyiniz ingilis rejissorla bizim rejissorların iş üslubunda konkret hansı fərq var? O, bizim rejissorlarla müqayisədə hansı üstünlüklərə malikdir?

- Deməzdim ki, bizim rejissorlardan üstündür, yaxud qeyri-adidir. Sadəcə, onlar əsərdə sürəti, tempi, dinamikanı daha çox xoşlayırlar. Mənə elə gəlir ki, bizim rejissorlar bir az astagəldirlər.

- İngilis rejissorunu yaman təriflədiniz. Olmaya vurulmusunuz?

- (Gülür) Nə vurulmaq? Elə şey yoxdur. Sadəcə, onun iş üslübu çox xoşuma gəldi, sözün həqiqi mənasında.

- Son illər sizə yaşınızdan daha böyük qadın rolları həvalə olunur. Məsələn, on ildir ki, "Pəri cadu" tamaşasında yaşlı Şamama cadu rolunu oynayırsınız. "Konimarada kəllə"dəki Mericonenin də 75 yaşı var. Ümumiyyətlə, rejissorlardan soruşmusunuzmu ki, niyə sizə həmişə yaşlı qadın rolları həvalə olunur? Belə rollar sizdə kompleks yaratmır ki?

- Mən sizin sualınızı rejissorlara vermişəm. Amma bir məsələni vurğulayım ki, "Sarıköynəklə Valehin nağılı" tamaşasında yaşımdan çox gənc olan bir qadını oynayıram. Bu tamaşadakı Simuzərin 35 yaşı var. Rejissorlar mənə deyirlər ki, sən xarakterik aktrisasan, hər yaşda obrazı oynamaq gücündəsən. Aktrisa model deyil ki, saçını, üzünü bəzəsin və səhnəyə ancaq gözəllik gətirsin. Aktrisa plastilin kimi olmalıdır, hər şey oynamağı bacarmalıdır. Mən bu gün yaşlı cadugəri oynayıramsa, sabah gənc qadını, kraliçanı, həkimi oynaya bilərəm.

- Şəxsən sizin 30 yaşlı qadını oynamağınız mümkündür?

- Niyə mümkün deyil ki?!

- Sizcə, xarici görkəminiz buna imkan verir?

- Mənim görkəmim icazə verdi ki, 35-40 yaşlı qadını oynayım. Bəhram Osmanovdan soruşdum ki, axı Simuzər mənim yaşımdan gəncdir. O dedi ki, sən səhnədə elə görünürsən ki, öz yaşını vermək olmur. Demək istədiyim odur ki, yeri gələndə səhnədə cavan qız kimi də görünə bilirəm.

- Bu formada qalmaq irsidir?

- Çalışıram ki, formamı qoruyum, çəkim artmasın. Amma bu, həm də irsidir. Məsələn, anamın 80 yaşı var. Amma heç kim ona yaşını vermir.

- Niyə adətən sosial şəbəkələrdə, hətta efirdə adınız gənc insanlarla hallanır?

- Sosial şəbəkələrdə mənim adımı kim hallandırır?

- Təbii ki, tamaşaçılar, sosial şəbəkə istifadəçiləri. Hətta yadınızdadırsa, bir neçə ay öncə efirlərin birində gənc oğlanla sevgili olmağınız barədə müzakirələr gedirdi...

- Əgər ANS-də "Adam içində" verilişindəki söhbəti nəzərdə tutursunuzsa, bu, adi bir falçının fikirləri idi. Onsuz da hansı falçıya gedirsən, bu sözü sənə deyir.

- Ümumiyyətlə, gənc insanlardan sevgi təklifləri alırsınız?

- Təbii ki, alıram. Amma mənim gənc insanlara o qədər də meylim yoxdur. Kim məni hansısa gənc adamla bir yerdə görüb ki?

- Azərbaycanda həyat yoldaşı, sevgilisi özündən gənc olan aktrisalar var. Belə bir şey sizin üçün qəbuledilməzdir?

- Mən bilmirəm ki, qarşıma kim çıxa bilər. İndi durub deyə bilmərəm ki, belə bir şey ola bilməz. İndiki halda həyatımda nə gənc var, nə qoca. Olsa da, bunu heç kimdən gizlətmərəm. Başım o qədər qarışıqdır ki, bu barədə düşünməyə vaxtım yoxdur. İndi qızımı oxutmaq barədə düşünürəm. Amma çox istərdim həyatımda kimsə olsun. Bu gün buna vaxtım yoxdur. Tamaşadan evə, evdən xınayaxdıya, məşqə qaçıram. Axşam saat 11-də evə zorla çatıram. Çünki mənim kənar yerdən qazancım yoxdur və ancaq özüm qazanıram.

- Bildirdiniz ki, tək qalmaq istəmirsiniz. Birdən sizdən 15-20 yaş gənc bir insan evlilik təklif etdi, bəs onda?

- Yox, istəmərəm. İstərdim ki, öz yaşıma uyğun olsun. Mənim yaşıma uyğun olan yaxşı kişilərin əksəriyyəti evlidir, pisləri də mənim nəyimə lazımdır?

- Qızınız ailə qurandan sonra özünüz də ailə qurarsınız?

- Bəlkə də, hə. Amma onda da deyəcəm ki, yeznədən ayıbdır. Amma mən tək qala bilmərəm və təklikdən qorxuram.

- Qadın kimi özəlliyiniz nədir?

- Söhbət görkəmdən gedirsə, özümü normal qadın hesab edirəm.

- Həmkarlarınız, bəzən də jurnalistlər sizə niyə Mona Liza deyirlər?

- (Gülür) Mən Mona Lizadan da gözələm. Xasiyyətcə romantik insanam, mülayiməm, səmimiyəm. Bunu adətən mənə qadınlar deyirlər.

- Azərbaycan teatrlarının aktyorlarının bir-biriylə yaradıcılıq mübadiləsi əvəzinə didişməsi davam edir. Ortada nə var ki, aktyorlar onu bölə bilmirlər?

- Bizim bəzi aktyorlarda mənəm-mənəmlik var. Amma oynadıqları bir şey deyil. Belə adamlar kənarda o qədər boş-boş danışırlar ki. Amma səhnəyə çıxanda heç nə edə bilmirlər. Aktyor gərək öz sənətini səhnədə göstərsin.

- İstirahətlə bağlı hansı planlarınız var?

- Ayın 20-də qızım üçüncü qrupa imtahan verəcək. Mən istərdim hüquqşünas olsun. Özü diplomat olmaq istəyir.

- Son dəfə Bakıda nə vaxt dənizə getmisiniz?


- Bakıda dənizə çox vaxt getmirəm. Gedəndə də gecə gedirəm. Bir dəfə günorta getmişdim, hiss elədim ki, çimərlik geyimində şəkillərimi çəkirlər. Ona görə də, əsasən, gecələr çay içməyə, fikirləşməyə gedirəm dənizə.

- Kiminlə?

- Ya qızımla, ya rəfiqələrimlə, bəzən də tək. Dənizi həddən artıq çox sevirəm, həmin an istəmərəm yanımda adam olsun. Nabrana getmişdim orada hamı gedib yatırdı, mən gecəyarıya kimi oturub dənizə baxırdım. Bu, mənim əsəblərimi çox sakitləşdirir, hər şeydən uzaq oluram.

AzNews.az