İbadətin “qıl körpüsü”

Mən bundan qabaq dörd məqalə boyu İslam bilincinə genişlik verən bəzi yeni prinsipləri açdım. Onlardan biri budur: İslamın (başqaları üçün başqa dinlərin) bütün variantları İlahi enerji, İlahi anlamlar daşıyır.

Yəni nağılsayağı folklor İslamı da, fetişist və antro-sosiopomorfik İslam da, intellektual-modernist İslam da İlahi qaynaqlardan insanı mənəviləşdirən, ruhaniləşdirən (qutlandıran) cərəyanlar axıdır. Ona görə də maarifçi olub folklor İslamını ələ salanlar, İslamçı olub intellektual-modernist İslamı bəyənməyənlər bir nəsnəni bilməlidirlər ki, bu inkarları onların "öz İslamlarını" özləri üçün təsdiq etməsinə yardım olursa, normaldır, necə ki, insanlara öz vətənlərinə sevgilərini doğrultmaq üçün bəzən başqa vətənləri bəyənməmək gərəkir.

Və ya başqa cür deyim: Yəni birisi "İslama magiya, fetişizm göstəricilərindən baxması sayəsində namazla sağalacağına inamını güclü edə bilirsə və bu səbəbdən də namazdan sağaldıcı güc ala bilirsə, normaldır. Ancaq adam öz baxışını Allahın buyurduğu bircə doğru yol sayıb yerdə qalanları küfr və ya yanlış sayırsa, həməncə özü Allahdan azır. İman yolu qıl körpüsü kimidir, addımı bir az yan atan kimi uçuruma yıxılırsan. Ona görə də əsl iman adamında İslam bilinci özündən quşqulanmaqla birgəlikdədir. Deyirlər, Həzrəti Əli özü belə mömin olub, çünki həmişə etdiyinin, yapdığının Allah yoluna uyğun gəlib-gəlməməsi şübhəsi ilə yaşayıb.

Allahla inananların ilişgisində sonsuzluq

Göstərdiyim bu möminlik psixolojisinin özülündə mən bir prinsipi görürəm: Allah-təala bilərəkdən özü ilə iman adamları arasına çaşdırıcı sonsuzluğu qoyub. Sonsuzluq ona görə çaşdırıcıdır ki, saysız variantlar sərgiləyir. Bax bu variant çoxluğunun olması "hansını seçim?" "hansı düzdür?" məsələsi ilə ilgili çaşqınlıq yaradır. Dində bu, o deməkdir ki, ibadətin sonsuz variantları var. Tutaq ki, şaman ibadəti var, buddist, xristian ibadətləri var, musiqi, rəqslə bağlı ibadətlər var (məsələn, mövləvilərdə.) Bir yandan, bu çoxluq hansını seçməklə bağlı çaşqınlıq yaradır. O biri yandan, sən bu çoxluğu yanlış sayıb birini seçib yalnız onu əsl ibadət biləndə həməncə Allahdan azırsan. Bu da bir başqa çaşqınlıqdır. Ən azı ona görə ki, buddist, xristian dünyasında o qədər İlahi möcüzələr olub ki, onları Tanrı işığından qırağa qoymaq insafsızlıqdır.

Deməli, çaşdırıcı sonsuzluğa görə ibadətin "qıl körpüsündən" yıxılmaq istəmirsənsə, "mənə belə rahatdır"ı, "mənə belə yaxşıdır"ı "hamımıza belə rahat olmalıdır", "hamımıza belə yaxşı olmalıdır" imperativinə çevirmə! Sən yoqa meditasiyasında İlahi enerjini ala bilirsənsə, İslam ibadətinə qıyqacı baxma!

İslamı çəkimli dünya etmək problemi

Sözsüz, insanda sevdiyi mahnını hamıya sevdirmək meyli var. Eləcə də, insan İlahiyə doğru tutduğu yolu hamının yolu etmək istəyir. Buna dində "prozelitizm" deyirlər. Sən istəyirsən ki, çevrəndə çoxlu həmfikirlərin olsun. Ancaq bunu təbii istəyi yaxasından tutub dartmaqla yox, yalnız cəzb etməklə yapmaq olar. Bu təbii istək heç cür başqa yollara kəskin, saldırqan, dalaşqan baxışdan yaraqlanmamalıdır. Peyğəmbər deyib: İslamda dəvət var, zor yoxdur. İslamda hər möminin missiyası nəzakət, həlimlik, şəfqət, ağıla-biliyə sayğı ilə bu dinin cəlbedici, çəkimli dünya olmasına öz payını verməkdir. Halbuki çağımızda İslamı qaranlıq, ağır cizgilərdə şəkilləndirən müsəlmanlar İslamı ucaldanlardan qat-qat çoxdur. Taliblərin Buddist qaya heykəllərini partlatması dediyim nifrətə, İslama qaranlıq cizgilər vurmağa son örnəklərdəndir. İslamda islahat belə çirkinliklərdən qurtulmaq üçündür!

Bir anti-islahat arqumenti

İslamda islahat əyləmlərinə "yox" üçün söylənilən ciddi arqument odur ki, Allahın dini heç vaxt korlanmayan yetginlikdir və onun islahata gərəyi yoxdur.

Ancaq buna qarşı olaraq düşüncəli müsəlmanlar türlü arqumentlər qoyublar. Məsələn, Əhməd bəy Ağaoğlu Ömər Xəyyamdan ilginc bir fikri gətirir: İslamın özündə əyər-əskik yoxdur, bütün əskiklər bizim necə müsəlman olmağımızdandır. Bu fikir çağımızacan yaşarlı olaraq islahat ideyalarınının hədəfini "Quran"dan, İslamdan müsəlmanlara yönəldir. İndi onun davamı kimi söyləyirəm: müsəlmanların İslam qavrayışı islah olmalıdır. Bunun üçün isə İslam plüralizminə bütün qapılar açılmalıdır.

İslam plüralizminə örnək

Söylədiyimin yetərincə dini əsası var. Ənəs bin Malik rəvayət edir ki, peyğəmbər söyləmişdi: asanlaşdırın, çətinləşdirməyin. Müjdələyin, nifrət oyatmayın. Əbu Hüreyranın danışdığı hədislərdə keçirdi: bir bədəvi məsciddə sidiyini saxlaya bilmir. Camaat onun üstünə düşəndə Peyğəmbər qayıdır: boş buraxın. Sidiyin üstünə bir qab su tökün, bitsin getsin. Siz çətinləşdirən yox, asanlaşdıran olaraq göndərilmisiniz.

Nifrət oyatmamaq tolerantlığın köküdür. Nifrət olmayan yerdə müxtəlif dini ideyaların, baxışların plüralizmi çiçəklənir. Bu zaman çaşdırıcı sonsuzluğun qorxusu neytrallaşır. Çünki hamı bilir ki, İlahiyə yolun monopoliyası, təkəlçiliyi nə ondadır, nə başqalarında. Bu monopoliya heç bir dində, heç bir təriqətdə yoxdur. Ona görə də özündən müştəbeh olma! İbadət yolları saysızdır və heç birini mütləqiləşdirmək, yeganələşdirmək olmaz!

Anaksaqorun köməyi

Bunu demişəm, bir də deyim. Anaksaqorun ünlü deyimi bildirir: hər nəsnə hər nəsnədədir. İslam üçün bu, o deməkdir ki, İlahi bilgi və enerji bütün təriqətlərdə, baxışlarda var. Sadəcə, şiə şiəliyi, sünni sünniliyi, sufi sufiliyi mütləqləşdirəndə həməncə "qıl körpüsündən" uçuruma düşür.

Bu plüralizmə də İslam tarixində istənilən qədər rast gəlmək olar. Məsələn, "hər yer məscid ola bilər" deyimi…

1937.az