AZAL Ukraynaya reysləri dayandırmayacaq- VİDEO

Ukraynada ötən gün Malayziya Hava Yollarına məxsus sərnişin təyyarəsinin vurulması bir çox ölkələri Ukraynaya olan uçuşları dayandırmağa məcbur edib. Birbaşa Ukraynaya və onun üzərindən uçmağa ehtiyat edən ölkələr çox olsa da, "Azərbaycan Hava Yolları"na məxsus təyyarə bu gün səhər saat 10:50-də Ukraynaya uçuş edib.

ANS TV-nin məlumatına görə, bir çox ölkələrdə sərnişinləri təşvişə salan bu hadisə bəzi azərbaycanlı sərnişinlərin də gözünü qorxudub.

Sərnişin Samirə Quliyevanın sözlərinə görə, "Müvəqqəti reysləri dayandırsalar, yaxşı olar, çünki çox təhlükəlidir.

Sərnişin Almaz Mədətova isə qeyd edir ki, "Mənə Ukraynaya getməyi təklif etdilər, mən imtina etdim. Düzdür, hərənin bir fikri var, amma mən uçmaram".

Sərnişinlər təhlükəsizlik baxımından Ukraynaya olan hava reyslərinin müvəqqəti saxlanılmasını istəsələr də "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyəti belə bir niyyətdə deyil. Bunu onunla əsaslandırırlar ki, Kiyevə təyyarələrimiz Ukraynanın şimal hissəsindən keçərək gedir. Həmin ərazidə isə heç bir təhlükə yoxdur.




AzNews.az