Bjezinski Putinin beynəlxalq tribunala verilməsini İSTƏYİR

"Rusiya prezidenti Vladimir Putinin atdığı addımlar beynəlxalq birliyin birləşməsini zəruri edir". Modern.az xəbər verir ki, bunu ABŞ-ın milli təhlükəsizlik məsələləri üzrə sabiq müşaviri, məşhur politoloq Zbiqnev Bjezinski CNN-ə müsahibəsində deyib. O, Ukrayna səmasında "Boeing 777" təyyarəsinin qəzaya uğramasını siyasi prizmadan şərh edərkən bildirib ki, dünya birliyinin Rusiyaya qarşı birləşməsi üçün tarixi an yetişib.

Onun sözlərinə görə Qərb dairələri vahid cəbhədən çıxış etsələr Rusiya prezidenti Vladimir Putinin addımlarını dayandırmaq olar. Analitik Qərb koalisiyasındakı birliyə ABŞ-ın liderlik etməsinin vacibliyini də vurğulayıb. "Bu, ABŞ-ın rəhbərliyi ilə liderliyin təzahürünü bildirir. Həmçinin, bizimlə birlikdə Avropa liderlərinin ardıcıl səyləri dünya dövlətlərini birliyə çağırır. Əgər Rusiya Ukraynadakı hərəkətlərini dayandırmasa, o zaman beynəlxalq aləmin Moskvaya qarşı vahid cəbhədə birləşməsinə zərurət yaranır".

Ekspert Ukraynanın Donetsk vilayətindəki Amsterdam-Kuala-Lumpur marşrutu ilə uçan təyyarənin Rusiyanın tapşırığı ilə vurulduğunu iddia edib. Politoloqun sözlərinə görə buna görə məsuliyyət daşıyanlar beynəlxalq tribunal qarşısında cavab verməlidir. Z. Bjezinski onu da qeyd edib ki, artan Rusiya-Ukrayna münaqişəsi rus şovinizminin yüksəlməsinin simptomlarıdır.

AzNews.az