Bu gün Milli Mətbuat günüdür

Bu gün Azərbaycan mətbuatının yaranmasının 139-cu ildönümüdür. Azərbaycan maarifçiliyinin böyük nümayəndələri sırasında xüsusi yeri olan Həsən bəy Zərdabi çətinliklə icazəsini aldığı "Əkinçi" qəzetinin ilk nömrəsini 1875-ci il məhz iyulun 22-də Azərbaycan oxucusuna təqdim edib.

Həsən bəy Zərdabi Azərbaycanda hökm sürən cəhalətin və savadsızlığın aradan qaldırılması üçün mətbuatı əvəzolunmaz vasitə hesab edirdi. 1875-ci ilin iyulundan 1877-ci ilin sentyabrınadək cəmi 56 nömrəsi çıxan "Əkinçi"nin Mirzə Fətəli Axundov, Nəcəf bəy Vəzirov, Əsgər ağa Gərani və sair kimi köməkçi və müxbirləri var idi.

O vaxtdan ötən 139 ildə müxtəlif tənəzzül və intibah dövrləri keçən Azərbaycan mətbuatı daim cəmiyyətin proseslərə baxışını əks etdirən güzgü rolunu oynayıb. 1998-ci ilin avqustunda senzuranın ləğvi isə Azərbaycanda mətbuatın inkişafına ciddi təkan verib.

Hazırda respublikada çoxlu sayda müxtəlif qəzet və jurnallar nəşr olunur, internet qəzetçilik inkişaf edir. Müasir dövrdə informasiya texnologiyalarının inkişafı Azərbaycan mətbuatını qlobal informasiya şəbəkəsinin bir hissəsinə çevirib. Bütün dünyada gedən qloballaşma prosesi mətbuatdan da yan ötməyib. Bu gün yüzlərlə jurnalist beynəlxalq təşkilatların dəstəyi ilə təşkil olunan peşə artımı kurslarında treninq və təkmilləşmə kursları keçirlər.

Azərbaycanda Mətbuat Şurasının formalaşması media sahəsində pərakəndəliyi aradan qaldırmağa müvəffəq olub, Jurnalistlərin Peşə Kodeksinin yaradılması isə media qurumları arasında problemlərin həllinə müsbət təsir göstərib. Azərbaycan Konstitusiyasında söz və mətbuat azadlığının təməl prinsip olaraq əksini tapması ölkədə medianın azad və güclü bir cəmiyyət institutu kimi formalaşmasına təkan verib. Sözsüz ki, bütün bu proseslərin əsas iştirakçıları, əldə olunan nəticələrin əsas səbəbkarları Azərbaycan jurnalistləridir.

Bununla belə, jurnalistikamızda problemlər hələ də qalmaqdadır, söz və mətbuat azadlığı sahəsində müəyyən nöqsanlar var.

Azərbaycan prezidenti İlham Əliyev iyunun 11-də imzaladığı sərəncamla Azərbaycan Milli Mətbuatının 135 illik yubileyi bütün ölkədə qeyd olunub.

Ötən il isə Milli Mətbuat günü ilə əlaqədar prezident İlham Əliyevin dəstəyi ilə inşa edilən mənzillər bir qrup jurnalistə əvəzsiz olaraq təqdim edilib.

AzNews.az