BMT “Boeing 777”yə dair qətnamə qəbul etdi

BMT-nin Təhlükəsizlik Şurası Ukrayna səmasında vurulduğu ehtimal olunan Malayziyaya məxsus "Boeing 777" sərnişin təyyarəsi ilə bağlı qətnamə qəbul edib.

AzNews.az-ın məlumatına görə, qətnamə layihəsi Avstraliya tərəfindən hazırlanıb. Layihənin leyhinə 15 səs verilib.

Qətnamədə təyyarənin vurulduğu iddia olunur. Sənəddə faciənin baş verməsində əli olan hər kəsin cəzalandırılması tələb olunur, dövlətlərdən mülki aviasiyaya qarşı hücumlardan çəkinməyə çağırılır. Bununla yanaşı qətnamə layihəsində ölənlərin qalıqlarına hörmətlə və qayğıyla yanaşmaq tələbi də əks olunub.

Xatırladaq ki, dünya mediasında faciə yerində soyğunçuluq hallarının olduğuna dair xəbərlər yer alıb.

Qeyd edək ki, iyulun 17-də Ukraynanın Donetsk vilayətində qəzaya uğrayan təyyarənin əraziyə nəzarət edən rusiyameyilli terrorçular tərəfindən zenit-raket qurğusu ilə vurulduğu bildirilir.

Aydan Axundova
AzNews.az