Mətbuat günündə Zərdabi niyə yada düşmədi? – İcra Hakimiyyətindən narazılıq

Azərbaycan Milli Mətbuatının yaranmasının 139 illiyi münasibəti ilə milli mətbuatımızın banisi Həsən bəy Zərdabinin ev muzeyi və Zərdabda yerləşən abidəsi ziyarət olunub. Bu barədə AzNews.az-a Zərdab rayon icra hakimiyyəti başçısının birinci müavini Allahverdi Səfərov məlumat verib. A.Səfərov bildirib ki, bununla bağlı nə Mətbuat Şurasından, nə da digər jurnalist təşkilatından Zərdaba gələn olmayıb: "Biz özümüz icra hakimiyyətində yerli "Əkinçi" qəzetinin əməkdaşlarını qəbul etdik. Həsən bəy Zərdabinin abidəsi önünə gül dəstələri qoyuldu, onun adını daşıyan muzey ziyarət olundu. Həmçinin Heydər Əliyevin abidəsi və onun adını daşıyan mərkəzə getdik. Bundan sonra İcra Hakimiyyətində jurnalistləri qəbul etdik, təbrik elədik, mükafatlandırdıq və icra başçısının təbrik məktubunu oxuduq".

Qeyd edək ki, Həsən bəy Zərdabi tərəfindən qoyulmuş "Əkinçi" qəzetinin nəşrə başladığı 22 iyul günü 1991-ci ildən Azərbaycanda Milli Mətbuat günü kimi qeyd olunur.

İntiqam Valehoğlu
AzNews.az