Nazirlikdən aktrisanın ittihamlarına – CAVAB

Ağır vəziyyətdə olan, Musiqili Teatrın aktrisası Gülnar Salmanovanın ittihamlarına Mədəniyyət və Turizm Nazirliyindən cavab gəlib.
Qurumun mətbuat xidmətinin əməkdaşı Zöhrə Əliyeva AzNews.az-a açıqlamasında deyib ki, aktrisanın nazirliyi laqeydlikdə suçlamasının heç bir əsası yoxdur: "Gülnar Salmanovaya kifayət qədər qayğı göstərir. Bu qayğı bir başa nazirlik tərəfindən həyata keçirilməsə də, onun çalışdığı teatr ona hər cür diqqət göstərir. Bu da Mədəniyyət və Turizm Nazirliyinin göstərişidir. Mən o hadisədən sonra teatrın direktoru Əliqismət müəllimlə telefonla danışdım. Əliqismət müəllim Gülnar xanımı çox təriflədi. Bildirdki ki, aktrisayla həmişə maraqlanır.
Teatrın rəhbərliyi orada nazirliyin nümayəndəsidir. Bütün teatrlarda belədir, həmişə də belə olacaq. Nazirlik bundan artıq neynəməlidir ki?"

Musiqili Teatrın aktyoru Novruz Qartal isə bildirib ki, hər həftə yaradıcı kollektiv Gülnar Salmanovaya baş çəkir: "Teatrın truppa müdiri var, Vidadi. O, bizi hər həftə yığıb Gülnar xanım gilə aparır. Əlimizdən gələn hər cürə dəstəyi ona edirik".

Qeyd edək ki, Musiqili Teatrın aktrisası Gülnar Salmanova şəkər xəstəliyindən əziyyət çəkir. Bundan başqa, onda onkoloji xəstəlik də aşkar edilib. O, mətbuata açıqlamasında Mədəniyyət və Turizm Nazirliyinin onunla maraqlanmadığını dilə gətirib.

Bahar Rüstəmli
AzNews.az