Senatdan Obamaya müraciət: “Rusiyaya qarşı sanksiyaları sərtləşdirin”

ABŞ-ın nüfuzlu senatorları rəsmi olaraq ölkə prezidenti Barak Obamaya müraciət edib.

AzNews.az-ın "Amerikanın səsi"nə istinadən verdiyi məlumata görə, ABŞ Senatının beynəlxalq əlaqələr üzrə komitəsinin sədri Robert Menendes, kəşfiyyat işləri üzrə komitənin sədri Dayen Faynstayn və silahlı qüvvələrlə iş üzrə komitənin sədri Karl Levinin prezidentə ünvanladığı məktubda Rusiya ilə münasibətlərə köklü şəkildə dəyişiklik edilməsi tövsiyə olunub.

Məktubda senatlar B. Obamanı Rusiyaya qarşı geniş miqyaslı sanksiyaların tətbiq etməyə çağırıblar: "ABŞ Rusiyanın müdafiə sektoruna, eləcə də enerji və maliyyə sahəsinə sanksiyalar tətbiq etməlidir. Eyni zamanda "Donetsk Xalq Respublikası" xarici terror təşkilatı kimi tanımaq imkanları da nəzərdən keçirilməlidir.

"Rosoboroneksport" də daxil olmaqla Rusiyanın müdafiə sektoruna qarşı ciddi sanksiyalar tətbiq olunmalıdır. Biz heç bir halda Rusiyanın separatçılara kömək göstərməsinə, Ukraynada terrorçuların imkanlarını genişləndirməsinə təkan verən addım atmamalıyıq. Biz sizi səlahiyyət və imkanlarınızdan istifadə etməyə çağırırıq".

Aydan Axundova
AzNews.az