“Dəstəli” Səbuhi: “Türkiyədə dilənib nazir kimi dolanırdım” - MÜSAHİBƏ

"ABŞ-da az qaldı məni güllələyələr"


Onu əksəriyyətiniz "Yutub"dakı videolarından, xarici ölkələrdə çəkdiyi görüntülərdən və ən əsası söyüşlü zarafatlarından tanıyırsınız. Adı Səbuhidir, soyadı Xanlarov. Amma daha çox "Dəstə", "Dəstəli" kimi məşhurdur. Bu zarafatcıl oğlanı - Səbuhi Xanlarovun AzNews.az-a verdiyi maraqlı məqamlarla dolu müsahibəsini təqdim edirik:


-Səbuhi, özünü necə təqdim edərdin?

-33 yaşım var, ali təhsilli bank mütəxəssisiyəm. Türkiyədə Qazi Universitetini bitirmişəm, təmiz azərbaycanlıyam.

-"Stand up"larda bir neçə xarici dildə danışırsan. Hansı dilləri bilirsən?

-Ərəb, ingilis, rus dili, Türkiyə türkcəsini əla bilirəm.

-Bu dilləri harada öyrənmisən?

-Orta məktəbdə əla oxumuşam, valideynlərim müəllimdir. Anam orta məktəbdə, atam dövlət ali məktəblərinin birində işləyir.

-Azərbaycanda xalq artistləri var ki, bütün günü efirdədirlər, amma bu qədər tanınmırlar. Maraqlıdır, hər şey necə başladı?

- Mənim əvvəl internet portallarında videolarım var idi. Amma indiki qədər məşhur deyildim. Axırıncı dəfə yayılan "Ordubad Dəstə" videom məni məşhurlaşdırdı. Kimisə güldürəndə çox rahat oluram. Belə deyib-gülməyimə baxma, mən ağır xəstəyəm. O vaxt mənə dedilər ki, sənin ömrünə 7 ay qalıb. Düşündüm ki, nə edə bilərəm yadda qalım. Heç olmasa bir il mənə rəhmət oxusunlar(gülür).


- "Ordubad Dəstə" videon başdan-ayağa söyüşdür. Belə çıxır ki, ilk videoların söyüşlü olmadığına görə "tutmayıb"?

-İstərdim söyüş məsələsinə aydınlıq gətirim. Türkiyənin məşhur "stand up"çısı Cem Yılmazın bütün "stand up"ları söyüşlüdür. Mənim dediklərimdə isə hərdənbir söyüş ola bilər.

-Bizim "stand up"çılara baxırsan?

-Baxıram, amma onlara gülə bilmirəm. Bir var nəsə bədahətən insanın içindən gəlsin, bir də var axşam evdə yazırsan, səhər durub onu oxuyursan.

-KVN oynamısan?

-Oynamamışam, təklif də almamışam. Bu yaxınlarda keçmiş KVN-çilərdən biri dedi ki, mənimlə əlaqə saxla. Mən də saxlamadım.

-Xaricdə çəkdiyin videolarda vətəndaşlara qarşı söyüş işlədirsən. Bakıda bunu edə bilərsən?

- ...Bakıda bu mümkün deyil. Sənin stoykana, sənin stilinə, sənin imicinə, sənin duruş formana mənim canım qurvan (gülür). Səmimi qəlbdən deyirəm.

-Nə vaxtsa incəsənət təhsili almaq fikrin olub?

-Təhsil almaq yox, amma uşaqlıqdan incəsənətə böyük həvəsim olub.

-Bəs niyə incəsənətə həvəsi olan biri bank sahəsini seçdi?

-Bank işçisi deyəndə ki, təhsilim odur. Bu sahədə işləməmişəm.

-Bu zarafatlara görə səni qınayanlar olur?

-Bəli, artıq-əskik şərhlər də yazırlar.

-Bu səni qıcıqlandırır?

-Mənim paylaşdığım videolar zarafat başa düşənlər üçündür. Adam var ki, öz kimliyi barədə məlumatı yoxdur, amma orda mənə tənqid yazır.



-Azərbaycanın komediya aktyorlarından kimləri bəyənirsən?

-İlham Namiq Kamalı, Yaşar Nurini bəyənirəm.

-Səncə söyüşsüz yumor olmaz?

-Olar. Məndə söyüşsüz o qədər maraqlı yumorlar var ki. Məsələn, Fransa çəkilişlərim var. Bu yaxınlarda Vaşinqtonda Ağ Evin qarşısında oturmuşam, şəkil çəkdirirəm. Orda da şəkil çəkdirmək olmaz. Polis yaxınlaşdı, tez başladım özümü əlil adam kimi aparmağa( əlil adam kimi danışır-İ.V) Az qalmışdı məni güllələyələr. Birdən başladım "Allahu-Əkbər" deməyə. Amerikan polisi dizini yerə qoyub qışqırır ki, "No Allahu Akbar". And olsun Allaha ikisini də diz çökdürdüm.

-Sənət adamlarıyla ünsiyyətin varmı?

-Yox, heç kimlə.

-Bəs çevrən kimlərdən ibarətdir?

-Yaxşı dostlarım var. Mən tamada deyiləm. Ancaq dostlarla deyib gülə bilərəm.

-Kimsə desin ki, 10 min verirəm məclisimdə çıxış elə. Bəs onda?

-Mən yaxşı toy aparıram, amma elə şeylərdən uzaq adamam. Özüm Bakıda çox az oluram.

-Bəs hazırda nə işlə məşğul olursan, necə dolanırsan?

-Dediyim kimi gülüşə qiymət verən yaxşı dostlarım var. Gülüb-güldürən insanların ömrü çox az olur. Gülməyə qiymət verən dostlarım sağ olsunlar. Az da olsa onları öz dünyalarından uzaqlara aparıram.

-Zarafatsız günün olur?

-O qədər olur ki. Qıraqdan çox adam bəxtəvərçilik verir ki, problemsiz adamsan.

-Əslində?

-Əslində hamıdan çox problemim var.

-Məsələn?

-İstəmirəm ağlamaq kimi çıxsın.

-Tamaşaçı kimi mənə maraqlıdır...

-Mənim ürəyim xəstədir və bunu dostlarım bilir. Hətta 2010-cu ildə Türkiyədə mən 7 ay vaxt qoymuşdular. Hətta bu barədə həkim kağızı da var məndə. Orda belə bir qayda var. Hər şeyi adamın üzünə deyirlər. Mənə demişdilər ki, cəmi yeddi ay yaşayacaqsan və o biri dünyanı qazanmaq üçün kimsənin qəlbini qırma.

-İçində ölüm qorxusu var?

-Əvvəl qorxurdum, indi yox. Bir də görürsən ki, hansısa məclisdə deyib gülürsən. Evə gəlirsən, öz problemlərin yadına düşür. Elə bil ki, bir saat əvvəlki Səbuhi deyilsən. Çox istərdim ki, insanlar evə gələndə məni görsünlər.

-Sırf ən yaxın çevrən sənin videolarını necə qəbul edir?

-Yaxşı qəbul edən də var, etməyən də. Sən hamı üçün yaxşı ola bilərsən?

-Mən hamı üçün pisəm, 5-3 nəfəri çıxmaq şərtilə.

-Allah köməyin olsun. Adam öz bacı-qardaşının ikisi üçün yaxşı olanda, ikisi üçün pis olur.

-Yəqin deyirlər ki, bu nə işdir məşğul olursan?

-Hə də təxminən elə. Allah yaxşıların canını sağ eləsin.

-Əksəriyyət səni "Dəstə", "Dəstəli" kimi tanıyır. Amma çox adam bilmir ki, Dəstə haradır? Ümumiyyətlə sənin o bölgəyə aidiyyətin var?

-(gülür) Doğrusu, heç özüm də bilmirəm Dəstə haradır və heç orda olmamışam da.

-Deyilənə görə Ordubadda belə bir yer var...

-Hə, amma mən ordubadlı deyiləm, Qərbi Azərbaycandanam. Bizi də bir dağ ayırır, eyni zonadır.

-Bütün yumoristlərin cəmiyyətə vermək istədikləri bir mesaj var. Sənin vermək istədiyin mesaj nədən ibarətdir? Nəyə ironoya edirsən, nədən narazısan?

-Mən cəmiyyətdən razıyam. Məndə ironiya deyə bir şey yoxdur. Videolarıma baxanda bilinir ki, heç nəyə qarışmıram. Zarafatlarım sırf ayrı-ayrı insanlarladır, cəmiyyətlə yox.

-Neçə ləhcə bilirsən?

-Bütün rayonların ləhcəsində qrammatik danışıram.(növbəti suallara ləhcələrlə cavab verir)

-Bu ləhcələri necə öyrənmisən?

-Bunu da ordan-burdan qoparmışam.

-Efirə dəvət edirlər?

-Mənim efirim yoxdur. İndi cəmiyyət bir qədər pis formalaşıb. Heç kim heç kimin kitabını oxumur, heç kim heç kimin yaxşı olmağını istəmir. Amma inanın səmimiyyətimə, məsələn kimsə deyir ki, filankəsi də bizim məclisimizə gətirə bilərsən? Deyirəm və təbii ki aparıram. Mən beləyəm.

-Deyəsən Dubayda səni kiminləsə səhv salmışdılar...

-Zilli dükanında idim. Bir qadın yaxınlaşdı ki, oğlum azərisən? İngiliscə cavab verdim. Qayıtdı yanındakı qızına dedi ki, ay Nigar, ay Nigar bu fahişənin balası necə də bizimkilərə oxşayır...

-Bəs, evdə hansı ləhcəylə danışırsan?

-Deyib-gülən adam olsam da evdə tam başqayam.

-Yəni ciddi?

-Bəli, indi gördüyünüz Səbuhidən qəti əsər-əlamət olmur.

-Evdəkilər "stand up"lara baxıblar?

-Evdəkilər o qədər də müasir deyillər və internetə girmirlər.

-Deyəsən, bu mətbuata ilk müsahibəndi.

-Bəli, ilk müsahibəmdir. Amma çoxları müsahibə istəyib verməmişəm. Ümumiyyətlə, belə şeyləri xoşlamıram.

-Yəqin ki, sənin də öz maraqların, hobbin var...

-Desəm bəlkə də gülməli alınar. Mən heyvan başları yığıram. Çox bahalı ov heyvanlarının başları var məndə. Bəzilərinin 20-30 min qiyməti var. Kolleksiyam üçün xüsusi otaq ayırmışam. Ümumilikdə 432 ədəd heyvan başı toplamışam.

-Hamısını özün almısan?

-Aldıqlarım da var, hədiyyə də ediblər. Avropada yaşayan dostlarım bilirlər ki, belə şeylərə maraqlıyam, hədiyyə göndərirlər.

-Neçə ildir bu kolleksiya var səndə?

-17-18 yaşımdan heyvan başı yığıram- 1997-ci ildən.

-Əməlli başlı sərvətdir. Nə vaxtsa həmin başları satmaq, nəyləsə dəyişmək haqda düşünmüsən?

-Yox, hələ demişəm ki, mən öləndə də onlara dəyməsinlər. Çünki mən onlarla nəfəs alıram. Axı onları tapınca əziyyət çəkirəm. İnan ki bəzən bir başa görə hansısa xarici ölkəyə gedirəm.

-Bəs gömrükdə problem olmur?

-Yox, qeyri-qanuni deyil ki, icazəsi var.

-Görünüşündən yeyib içən oğlana oxşayırsan. Gün ərzində nə qədər xərcin çıxır?

-Mənim 33 yaşım var, bütün videolarımda da əlimdə badə olur. Amma içki içmirəm. Hətta siqaretdə çəkmirəm. Bəzi gənc aktyorlar kimi səhərə qədər çöldə, bayırda olmuram. Axşam saat 9-da evimdəyəm, səhər saat 8-də dururam. Pulumu da ailəmə, övladlarıma xərcləyirəm.

-Amma kənardan tam fərqli təsir bağışlayırsan...

-Ola bilər. Həm də artıq pulum yoxdur ki, başqa nəyəsə xərcləyim.

-Hansı ölkələrdə videon var?

-Əksər ölkələrdə.

-Bəs hansında camaatın reaksiyası səni təəccübləndirib?

-Fransızlarla bizim xalqın oxşarlığı var xasiyyətdə. Məsələn, Dubayda gəlib kiminsə başına şillə də vurursan, sonra "sorry" deyib yola verirsən. Amma Fransada onu edə bilməzsən. Bakı kimi yerdir, eyni "tema"dır. Dubaydakını Fransada eləsən, adamın ölüsünü, dirisini təbrik edərlər (gülür).

-Ölkədən kənarda harda tanınırsan?

-Məni İsraildə, Türkiyədə çox izləyirlər. Orda yaşayan azərbaycanlılar tanıyırlar.

-Dediyin kimi Türkiyədəki "stand up"ların əksəriyyəti söyüşlüdür. Türkiyə telekanallarından belə bir layihəylə bağlı təklif gəlsə, qəbul edərsən?

-Təklif gəlmədiyinə görə nəsə deyə bilmərəm. Amma olsa yaxşı olar. Bir var köməksiz nəsə edirsən və sonra da qınayırlar ki, bunu eləmə. Bir də var ki bu sahədən başı çıxan peşəkar prodüser səni başa salır.

-Uşaqlıqdan zaraftcıl olmusan?

-Çox zarafatcıl olmuşam. Amma həm də savadlıydım. Azərbaycanda 1994-cü ildə test bərpa olundu və Türkiyəyə gedən 14 nəfərdən biri də mən olmuşam.

-Orta məktəbi 14 yaşda bitirmisən?

-Yox. Həbib bəy Mahmudbəyov adına texniki-humanitar lisey var idi, orda oxuyurdm. Düzdür, onda test indikindən sadə idi, amma hamısına cavab vermişdim.

-Tanınmağından hardasa istifadə edirsən?

-Vallah yox. Yol polisi saxlayanda düşüb qabağına qaçıram düşünməsin ki, istifadə edir. Birinci sənədimi göstərirəm. Mənə hörmət edən də sağ olsun, etməyən də. Azərbaycanda hamıdan razıyam, hörmətimi saxlayırlar.

-Facebook profilində səni söyənlər də olur deyəsən...

-Bəli, elələri də olur. Siz bir maraqlı əhvalat danışım. Ümumiyyətlə, çox iti yaddaşım var. Bir adamı ani olaraq bir dəfə görüm, vəssalam. Bu yaxınlarda ticarət mərkəzlərinin birindəyəm. Hamı gəlib şəkil çəkdirirdi. Bir nəfər də yaxınlaşdı. O dəqiqə tanıdım ki, bu məni statuslarda söyən oğlandır. Dedim məni şərhlərdə söyürsən, ayıb olsun.

-Necə oldu reaksiyası?

-Heç nə utandı, çıxdı getdi. İnanmazdı ki, yadımda qalar. Tələbə olanda mühazirəyə qulaq asırdım və müəllim dediklərini yadımda saxlayıb özünə qaytarırdım.

-Tələbələyin Türkiyədə keçib. Yəqin ki, orda da maraqlı əhvalatların olub...

-O qədər... Ankarada oxumuşam - Qazi Universitetində. Sonra təhsilimi Sabancı Universitetində davam etdirdim. Türkiyədə heç kimim yox idi. Gedib bir otbiçən alırdım varlı ailələrə yaxınlaşıb ağlaya-ağlaya deyirdim ki, heç kimim yoxdur... Həyətlərinin otunu biçirdim, dilənirdim, nazir balası kimi dolanırdım. Hər il bir milyonerin evində qalırdım.

İntiqam Valehoğlu
image description image description image description image description image description image description image description image description