“ATƏT-in Minsk qrupu demək olar ki, mahiyyətini itirib“

"ATƏT-in Minsk qrupu demək olar ki, mahiyyətini itiribQoy ATƏT-in Minsk qrupunun nümayəndələri etimadı gedib ermənilərə öyrətsinlər". Trend xəbər verir ki, bunu Baş nazirin müavini, Qaçqınların və məcburi köçkünlərin işləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Azərbaycanın Ağdam rayonunun ermənilər tərəfindən işğalının 21-ci ildönümü ilə əlaqədar keçirilən anım mərasimində deyib.

Baş nazirin müavini bldirib ki, ATƏT-in Minsk qrupu Azərbaycana deyil, Ermənistana etimadı öyrətməlidirlər: "Bizə etimaddan danışan Minsk qrupunun dövlətləri son vaxtlar etimad sözünü də atıblar ortaya. Qoy bilsinlər ki, bizə o etimadı öyrətmək lazım deyil.

Azərbaycan xalqı tarixən həmişə qonşularla etimad şəraitində yaşayıb. Qoy gedib o etimadı ermənilərə öyrətsinlər və ermənilərin qarşısında o şərti qoysunlar".

Ə.Həsənov bildirib ki, Azərbaycan artıq onlara inanmır: "Biz artıq onlara inanmırıq. ATƏT-in Minsk qrupu demək olar ki, mahiyyətini itirib".

Baş nazirin müavini, həmçinin qeyd edib ki, Ağdam gec-tez erməni işğalından azad ediləcək: "Çox təəssüf ki, biz bu gün Ağdamın azad edilməsi yox, işğalının növbəti ildönümü münasibətilə yığışmışıq. Amma biz bilirik ki, Ağdamın işğalı müvəqqətidir. Biz Ağdamı işğaldan azad edəcəyik. Buna tam əminik".

AzNews.az