Dilqəm Əsgərov Rusiya vətəndaşıdır? - Səfirdən cavab gəldi

Rusiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Vladimir Doroxin Milli Məclisin sədr müavini Bahar Muradovanın Kəlbəcərdə ermənilər tərəfindən girov götürülən azərbaycanlılarla bağlı fikirinə cavab verib.

AzNews.az-ın Rusiyanın Azərbaycandakı səfirliyinin saytına istinadən verdiyi məlumata görə, Bahar Muradovaya ünvanlanan məktubda bildirib ki, parlamentin sədr müavininin Kəlbəcər rayonunda baş verən hadisə ilə bağlı iyulun 18-də verdiyi müsahibə ilə tanış olub və bununla bağlı araşdırma aparılıb:
"Siz müsahibənizdə məlum hadisə zamanı Kəlbəcər rayonunda saxlanılanlardan birinin Rusiya vətəndaşı olduğunu demisiniz Rəsmi olaraq bildirirəm ki, Kəlbəcərdə saxlanılanlar arasında Rusiya vətəndaşı yoxdur".

Xatırladaq ki, Kəlbəcərdə ermənilər tərəfindən girov götürülmüş azərbaycanlılardan biri - Dilqəm Əsgərovun Rusiya vətəndaşı olması barəsində məlumatlar yayılmışdı. B. Muradova da mətbuata müsahibəsində Rusiyanı öz vətəndaşının taleyinə biganə qaldığına görə tənqid edib.

AzNews.az