• 24 İyul 2014 11:52
  •  3 871

Bakıda daha bir özəl klinika bağlandı

Bakıda fəaliyyət göstərən daha bir klinika bağlanıb. Movqe.az-ın eksklüziv olaraq əldə etdiyi məlumata görə, bir neçə gündür ki, qapısına qıfıl vurulan klinika paytaxtakı "Lanset cərrahlıq klinikası"dır.Movqe.az-a etibarlı mənbələrdən daxil olan məlumata görə, klinikaya Səhiyyə Nazirliyindən verilən lisenziya müddəti başa çatdığından klinikanın fəaliyyətinin dayandırılması ilə bağlı göstəriş verilib. Mənbənin verdiyi xəbərə görə, klinikaya verilən lisenziya müddətinin uzadılıb-uzadılmayacağı isə hələki sual altındadır.

Çünki, klinikanın külli miqdarda borcu varr. Xatırladaq ki, ötən il "Lanset cərrahlıq klinikası" Dövlət Miqrasiya Xidmətinin məhkəmə iddiası ilə 30 min manat məbləğində cərimələnmişdi. Buna səbəb klinikanın keçmiş həkimi, Qazaxıstan vətəndaşı, əslən Gürcüstandan olan azərbaycanlı Vaqif Tanrıverdiyevin "Lanset"ə gəlməsi göstərilib.Kiçik araşdırma zamanı Movqe.az-ın müxbirinə adının çəkilməsini istəməyən mənbə Fərman Ceyranovun hazırda Gürcüstanda olduğunu, Tiflisin Diqomi rayonunda eyni adlı cərrahiyyə klinikası açaraq fəaliyyət göstərdiyini söyləyiblər.
Movqe.az klinikanın baş həkimi Fərman Ceyranovla əlaqə saxlayaraq klinikanın bağlanması xəbərini dəqiqləşdirib. F. Ceyranov bildirib ki, yaxın vaxtlarda klinikanın fəaliyyəti yenidən bərpa olunacaq: "Klinikanın lisenziya müddəti başa çatıb. Bizdə hələki Səhiyyə Nazirliyindən cavab gözləyirik. Çox güman ki, bir həftəyə klinika fəaliyyətini bərpa edəcək". Qeyd edək ki, Səhiyyə Nazirliyinin saytında "Lanset Cərrahlıq Klinikası" MMC-nin 25931 seriyalı lisenziyasının bu ilin iyul ayının 14-də başa çatdığı qeyd olunub.

AzNews.az