Qabil Hüseyinli: “Bu məhsullara görə Azərbaycan Rusiyaya nota verməlidir”

Moskvanın bir çox marketlərində "Artsax Frut" firmasının istehsalı olan, üzərinə "Qarabağ respublikasının istehsalı" etiketi vurulmuş yeyinti məhsulları satılır.

Avropa.info saytının yaydığı məlumatda belə bildirilir.

Bunlardan istifadə edən bir sıra Rusiya sakinləri bu məhsulların bazarda olan digər məhsullardan keyfiyyət baxımından geri qaldlğını bildiriblər.

Politoloq Qabil Hüseyinli məsələ ilə bağlı Aktual.az-a bildirib ki, Rusiya bazarında "Qarabağ respublikasının istehsalı" ilə etiketlənmiş məhsullar satılırsa, bu, artıq Rusiya tərəfindən beynəlxalq müqavilələrin şərtlərinin pozulması deməkdir:

"Rusiya dəfələrlə Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan edib. İndi isə Azərbaycanın tərkib hissəsi olan bir bölgədən, həmin bölgənin adı ilə istehsal edilmiş məhsulların öz daxili bazarına buraxılmasına şərait yaradır. Bu, Rusiya tərəfindən Azərbaycana qarşı çox ciddi hörmətsizlikdir".

Q. Hüseyinli qeyd edib ki, Azərbaycan tərəfi bu məsələ ilə bağlı Rusiyaya nota verməlidir:

"Azərbaycan tərəfi həmin məhsulların onların daxili bazarına buraxılmasının beynəlxalq hüquq normalarına zidd olduğunu nəzərə alıb, Rusiyaya nota verməli, bu məhsulların bazarlardan yığışdırılmasını, belə bir halın bir də təkrar olunmaması üçün tədbirlər görülməsini tələb etməlidir. Ermənistan-Azərbaycan-Dağlıq Qarabağ münaqişəsi ətrafında danışıqlar prosesində, əgər Rusiya Azərbaycana verdiyi vədləri çox kobud şəkildə pozursa, bu, ciddi qınağa layiqdir".

Məlumat üçün bildirək ki, Avropa.info-nun Rusiya və Ermənistan mətbuatında apardığı araşdırmadan sonra "Artsax frut" şirkətinin, tarixi Azərbaycan torpağı olan Xankəndində fəaliyyət göstərdiyi məlum olub.

AzNews.az