Bakıda tanınmış aparıcının qohumlarına niyə divan tutdular? - FOTOLAR

"Bacımın iki balasının qanını töküblər. Bu əsl faciədir, işi belə buraxmayacam, sonuna çıxacam, lazim gəlsə..."

Azərbaycanın tanınmış diktor-aparıcısı Elmira Məmmədli bu fikri iyulun 12-də mərhum bacısının ailəsinə qəfil gələn dəhşətli hadisə barədə danışarkən deyib. O, bu il iyulun 12-də Biləcəri qəsəbəsində bacısının 33 yaşlı oğlu Fərid Həsənovun amansızlıqla qətlə yetirilməsi, onun 37 yaşlı qardaşı Şəhriyarın isə ölümcül vəziyyətə necə salınmasının qandonduran təfərrüatlarını Milli.Az-la bölüşüb.

Xanım aparıcı Samir Həsənovun bir qardaşı öldürdüyü, digərini isə ölümcül hala saldığı dəhşətli cinayətinin necə yaranmasından başlayıb:

"Hazırda xəstəxanada olan Şəhriyar mənə hər şeyi danışıb. İlk olaraq deyim ki, hadisə vaxtı Samur tək olmayıb, onun başında 7-8 nəfərlik dəstə olub. Hadisə elə ciddi məsələ üstündə baş verməyib. 4-5 il əvvəl çayxanada Şəhriyarla Samir bir-birini acılayıblar. Bu məsələni isə görünür, Samir özündə kin kimi saxlayıb. Hadisədən qabaq üç gün Samirin əlaltıları Şəhriyara zəng edərək görüşə çağırırmışlar, çağıran vaxtı getmək istəməyib. Hadisə günü Samirin adamlarından biri, Ramin adlı şəxs Şəhriyara zəng edərək qardaşı Fəridin onlarda olduğunu deyib. "Fərid də bizimlədir" deyəndən sonra Şəhriyar getmək məcburiyyətində qalıb. Şəhriyar telefonda soruşub ki, çayxana söhbətidir, deyiblər ki, çayxanadan keçib, ayaqüstü həll edəcəyik. Ürəyinə damıb ki, bu məsələ nəsə yaxşı olmayacaq. Pnevmatik tapançanı da elə-belə cibinə qoyub. Əliyalın da gedə bilməzmiş. Ona görə pnevmatik tapançanı cibinə qoyaraq həmin yerə gedib".

Boynunun arxasından girən bıçaq ağzından çıxıb

E.Məmmədli dedi ki, Şəhriyar parka çatanda artıq Fərid onların əlində olub: "Şəhriyar deyir ki, xala, qardaşım onlardaydı. Yolu keçəndə 3 güllə havaya, 4-cünü aşağı atıb, qorxutmaq üçün. Parka çatanda görüb ki, onlar bıçaqla hazır dayanıblar. Samir dönərsatandır. Dönər bıçağı əllərində olub həmin vaxt. Fəridin qollarını tutublar. Samir bıçaqla Fəridin şah damarına vurub, sonra isə hulqumuna soxaraq bururmuş. Arxadan isə Şəhriyara bir bıçaq zərbəsi vurublar. Çiynin arxasından vurulan bıçaq ön tərəfdən çıxıb. Bıçaqla 2-3 zərbə qarın boşluğuna vurublar. Hər kəs bıçaq vururmuş. Boğazın qulaq arxasından sancılan bıçaq Şəhriyarın ağzından çıxıb, arxa dişləri qırılıb. Ölümünə vurublar uşaqları. Uşaqların qollarını tutublar. Dönər bıçağı ilə vurublar Şəhriyarı. Görün bıçaq nə boyda olub ki, Şəhriyarın boğazından vurublar, ağzından çıxıb.

Bu hadisə bir neçə saniyə çəkib. Şəhriyar qardaşını qan içərisində Biləcəri xəstəxanasına çatdırıb və huşunu itirib. Oradan isə Semaşkoya aparıb. Fərid elə xəstəxanada keçinib. Fəridin şah damarı kəsilib, amma deyirlər ki, güllə yarasından ölüb".



Həbsxanadan gələn mesaj, yoxsa...

Bacısı oğlunun yalan danışmadığını deyən xala bu məsələnin söyüş üstündə baş verməsinə inanmır:

"Samir yalandan deyib ki, guya bizim uşaqlar söyüş söyüblər. Ancaq yalan danışır, güllə yarası olduğunu deyir, amma ona heç bir yarası yoxdur. Bacım oğlanlarını tanıyıram, yalan danışmazlar. Şəhriyar dedi ki, Samir yaxşı insan deyildi. Biz onu saymırdıq, yəqin, bu Samiri daha da qıcıqlandırıb. Din məsələsini ortaya atıblar. Guya həbsdə olan Hacı Abgül adlı ruhanini söyüblər. Amma din söhbəti olmayıb burada. Şəhriyar idman institutunu bitirib. Futbolçu idi, "Bakı fəhləsi" klubunun qapıçısı olub. O, vaxt Futbol Federasiyasının prezidenti olan Fuad Musayev onu imtahansız idman institutuna qəbul etdirmişdi. Sonradan isə mühafizəçi işləyirdi, qəti dindar olmayıblar".

Qardaşının ölüm xəbərini 3 gün sonra bildi

Hazırda xəstəxanada müalicə olunan Şəhriyar Həsənov qardaşının ölüm xəbərini 3 gün sonra bilib. "O vaxta kimi mənə deyirdi ki, xala, qardaşım sağalsa, heç kimə pislik etməyək, düşmənçilik nəyə lazım. Müstəntiq də ona qardaşının ölüm xəbərinin çatdırılmasını istəmirdi. Qorxurdum, Şəhriyarı sındırarlar, çox üstünə gəlirdilər. Mən Fəridin 3-ü günü ölüm xəbərini verdim. Bu məsələdə atasından-anasından küsmüş bütün Biləcəri uşaqlarının əlaqəsi vardı. Xəstəxanaya Şəhriyarın yanına gəlirdilər, bu işin çox şişirdilməməsini istəyirdilər.

Ppalatadan məni bayıra çıxarırlar, söhbət edirlər. Şəhriyara deyiblər ki, din adamları heç kimi ələ verməz".







Ölümü ilə hamı ağladan Fərid...

E.Məmmədli mərhum Fərid Həsənov haqqında da kədərlə danışıb: "Hadisə günü hamı Fəridi ağlayırdı. Burada iş tapa bilmirdi. Sankt-Peterburqa getməyi planlaşdırırdı. Dostu orada nəsə açmışdı, hətta gedib 20 gün onun yanında qalmışdı. Ramazan baramından sonra getməyi planlaşdırmışdı. Kaş ki, vurub şil-küt edəydilər, amma sağ qalaydı. Dəhşətli faciədir. Lazımi instansiyaya qədər gedəcəm, qanı yerdə qoymayacam. Çox kasıb ailə idilər. Fağır, sakit bir ataları var. O tərəf pul da təklif edib atasına ki, məsələni şişirtməsin. Atası geri qaytarıb. Hətta Şəhriyarın tutulacağı ilə də şantaj ediblər. Bu işə dindarlar pul buraxıblar. Həkimlərə də pul təklif ediblər. Mətbuatda yalanlar yazılır, adama toxunur".



Həmin davada daha vəhşi adamlar olub

"Polis deyir ki, kameraya baxmışıq, Şəhriyar kənardan tapança ata-ata gəlirmiş. Atmalı idi də, qorxutmaq üçün nə etməli idi? İşə ciddi baxmırlar. Cinayətin digər iştirakçıları azadlıqda. Hadisə vaxtı 7-8 nəfər olublar, ancaq Samiri tutublar. Amma ondan da təhlükəliləri var. Ruslan adlı oğlan var, gün ərzində 3 dəfə Şəhriyarın yanına gəlirdi. Bu işdə Samir tək deyil, həmin davada daha vəhşi adamlar olub. Samir kimlərinsə sifarişini yerinə yetirib. Hələ o uşağı ekspertiza etməyiblər", - deyə E.Məmmədli əlavə edib.

Binəqədi Rayon Prokurorluğundan Milli.Az-a bildirildi ki, hazırda istintaq gedir, lazımi tədbirlər görülür. İşin istintaqını aparan müstəntiq Namiq Əliyev bütün ekspertizaları həyata keçirib.






AzNews.az