Almaniya Rusiyaya qarşı hücuma keçdi - Şok

Almaniya kansleri Angela Merkel Rusiya əleyhinə iqtisadi sanksiyaların, tezliklə, tətbiq olunmasını təkid edir. Bu barədə hökumətin rəsmi nümayəndəsi Georq Ştrayter məlumat verib.

Ştrayterin dediyinə görə, kanslerin bu mövqeyi Rusiyanın, Malayziya təyyarəsinə qarşı terror aktının geniş miqyasda araşdırılmasına və Ukraynada vəziyyətin sabitləşməsinə heç bir maraq göstərməməsi ilə bağlı olub.

Ştrayter onu da deyib ki, Merkel faciə baş verən ərazidə cəsədlərin tanınması, xarici ekspetlərin hadisə yerinə getməsi ilə əlaqədar problemlərin olduğunu da qeyd edib.

Almaniya kansleri Putini, Rusiya xüsusi xidmət orqanlarının rəhbərlik etdiyi Ukraynadakı rusiyameyilli qüvvələrə ciddi təsir göstərməməkdə günahlandırıb.

Bütün bunlara görə də, Merkel Avropa Birliyi Xarici İşlər nazirlərinin Moskvaya qarşı sanksiyaların sərtləşdirilməsi və genişləndirilməsi ilə bağlı son qərarını dəstəklədiyini bəyan edib .

Xatırladırıq ki, Ukrayna hadisələrindən təyyarə faciəsinə qədər olan müddətdə Merkel həmişə rəsmi Moskvaya, başqa dövlət və hökumət başçılarından fərqli olaraq, daha loyal münasibəti ilə seçilib. Görünür, Malayziya təyyarəsinin faciəsi siyasi mənzərəyə və münasibətlərə daha çox aydınlıq gətirib. (Aktual.az)