XİN-dən “Artsax Frut” yeyinti məhsulları ilə bağlı Ermənistana sərt mesaj

"Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində Ermənistan tərəfindən həyata keçirilən hər hansı qeyri-qanuni iqtisadi əməllərin, eləcə də Ermənistan tərəfindən burada istehsal olunan məhsulların Ümumdünya Ticarət Təşkilatının (ÜTT) "malların mənşəyi haqqında qaydalarının" kobud şəkildə pozulması ilə saxta etiketlərlə MDB ölkələri və Avropa İttifaqı bazarında satılması hallarının qarşısının alınması üçün Xarici İşlər Nazirliyi tərəfindən daimi əsasda lazımı tədbirlər görülür".

Bu barədə Aktual.az-a Xarici İşlər Nazirliyinin şöbə müdiri Hikmət Hacıyev Moskvanın bir çox marketlərində "Artsax Frut" firmasının istehsalı olan, üzərinə "Qarabağ respublikasının istehsalı" etiketi vurulmuş yeyinti məhsullarının satılması ilə bağlı yayılan məlumatı şərh edərkən deyib.


Hikmət Hacıyev bildirib ki, bu kimi halların araşdırılması və belə hallar müəyyən olunduğu təqdirdə, akkreditə olunduqları ölkələr və beynəlxalq təşkilatlar qarşısında məsələnin ciddi surətdə qaldırılması, eləcə də önləyici fəaliyyətin aparılması üçün Azərbaycan Respublikasının diplomatik nümayəndələrinə mütəmadi olaraq təlimatlar verilir:

"Təəssüflə qeyd etməliyik ki, beynəlxalq hüququn norma və prinsiplərinə hörmətsizliklə yanaşan Ermənistan rejimi xarici iqtisadi-ticarət əlaqələrində də ÜTT çərçivəsində götürdüyü öhdəlikləri və ikitərəfli razılaşmaları kobudcasına pozur, malların mənşəyi haqqında saxta məlumat verərək, idxal edən dövləti və onun istehlakçılarını aldatmaqdan çəkinmir. Yalan və saxtakarlıq Ermənistan rejiminin xislətidir. Nəzərə alınmalıdır ki, ÜTT qaydalarına və ölkədaxili qanunvericiliyə görə, istehlakçıların malların mənşəyi haqqında səhih məlumat almaq hüquqları vardır".

Nazirlik rəsmisinin sözlərinə görə, Xarici İşlər Naziri Elmar Məmmədyarov bu il iyulun 22-də Brüsseldə keçirilmiş Avropa İttifaqına üzv dövlətlərin və Şərq Tərəfdaşlığı ölkələrinin Xarici İşlər Nazirlərinin iclasında çıxışı zamanı bir daha diqqəti bu məqama çəkərək vurğulayıb ki, Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində istehsal olunmuş məhsulların saxtakarlıq yolu ilə ixrac edilməsi Ermənistan tərəfindən aşkar şəkildə ÜTT qarşısında götürdüyü öhdəliklərinin pozulmasıdır:

"Ermənistan ÜTT-ə daxil olarkən, təşkilata üzvlükdən doğan şərtlər və öhdəliklərin, eləcə də Ermənistanın ÜTT razılaşmaları və bu razılaşmaların müddəalarından irəli gələn təəhhüdlərinin yalnız Ermənistan Respublikasının BMT tərəfindən tanınan ərazilərinə şamil olunduğunu təsdiq etmişdir.

Nazir Elmar Məmmədyarov Şərq Tərəfdaşlığı regionunda buna bənzər hallarla bağlı bu yaxınlarda qəbul olunmuş tənzimləyici hüquqi çərçivənin olduğunu xatırladaraq, Ermənistan tərəfindən atılan bu kimi mənfur addımların qarşısını almaq məqsədilə bütün lazımi tədbirlərin görülməsinin vacibliyini bildirmişdir.

Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz iqtisadi fəaliyyət, həmin ərazilərdə istehsal olunan məhsulların xarici ölkələrə ixrac-idxal əməliyyatlarının aparılması, qondarma rejimlə bu və ya digər formada əməkdaşlığa yol verilməsi məsələsi Azərbaycan Respublikasının digər ölkələrlə müştərək komissiyalarının iclaslarında mütəmadi şəkildə qaldırılır və bundan sonra da bu istiqamətdə fəaliyyət qəti şəkildə davam etdiriləcəkdir".

Xatırladaq ki, "Artsax frut" şirkətinin, tarixi Azərbaycan torpağı olan Xankəndində fəaliyyət göstərdiyi məlum olub.

AzNews.az