Müsavatdan etnik kimliklə bağlı ismarış: “Başqan türk olmalıdır”

"Bu gün Azərbaycan siyasi mühitində ən maraq doğuran sual budur. Biriləri özünü artıq başqan hesab edir və vəzifə bölgüsü aparır, bəzilərini dostları başqan görür, elələri də var ki, 5-6 min km-dən ismarış-ultimatum yollayır ki, filankəsdən savayı kimsə başqan postunda otura bilməz".

AzNews.az-ın xəbərinə görə, bunu Müsavat Partiyası başqanının müşaviri, partiya sədrliyinə iddialı Səxavət Əlisoy bildirib.

S. Əlisoy deyib ki, siyasi səriştəni və təcrübəni meyar kimi vurğulayanlar, "filankəs"in bu posta daha çox yaraşdığını iddia edənlər, "behmənkəs"in başqan olduğu təqdirdə partiyanın ağ günə çıxacağını deyənlər və siyasi koridorlarda çox şeylər danışanlar var: "Bütün bunların hamısı normaldır. Hər kəsin danışmaq, düşündüklərini izhar etmək haqqı var. Deyilənlərə birini də mən əlavə etmək istəyirəm. Müsavat Partiyası tarixi bir partiyadır və milli dəyərlərimizdən biridir. Bu partiyada çox sayda ziyalı başqan postuna layiqdir. Sadəcə, bu iddiaya düşən unutmamalıdır ki, əhalinin 90 faizindən çoxu, o cümlədən müsavatçıların da 90 faizindən çoxu Azərbaycan türkləridir. Odur ki, Müsavat Partiyasının başqanı türk oğlu türk olmalıdır və əminəm ki, belə də olacaq".

Əhməd
AzNews.az