Cəbhədə şiddətli atışma: 3 nəfər yaralandı - Yenilənib

Bir neçə saat əvvəl Tovuzun Əlibəyli kəndində şiddətli atışma başlayıb.

Kənd sakinlərinin Axar.az-a verdiyi məlumata görə, Ermənistan ordusu saat 20:30-dan başlayaraq Əlibəylini şiddətli atəşə tutublar. Atışma zamanı iki nəfər mülki şəxs yaralanıb.

Yaralanan mülki şəxs 15 yaşlı Fərid Əhmədov Tovuz Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Fərid Əhmədov hazırda əməliyyat masasındadır, vəziyyəti orta-ağır olaraq qiymətləndirilir. Onu cərrah Kəmaləddin Abbasov əməliyyat edir.

Digər yaralı 50 yaşlı Anya Qaraqızını isə şiddətli atışma ucbatından hələ də xəstəxanaya aparmaq üçün kənddən çıxara bilməyiblər.

Ermənilərin Əlibəyli kəndi istiqamətində hücumuna Azərbaycan ordusu kəskin cavab verir. Hal-hazırda atışma davam edir.

23:28

Tovuzda baş verən atışma ilə bağlı daha bir yaralanma xəbəri gəldi.

Sakinlərin Axar.az-a verdiyi məlumata görə, ermənilərin açdığı atəş nəticəsində daha bir Əlibəyli sakini yaralanıb və beləliklə, yaralanan mülki şəxslərin sayı üçə çatıb. Yenicə yaralanan şəxsin öz avtomobilində gülləyə tuş gəldiyi bildirilir. Onun ad-soyadını öyrənmək mümkün olmayıb.

Yaralanan yeniyetmə Fərid Əhmədovun isə vəziyyətinin daha da ağırlaşdığı qeyd edilir. Cərrahiyyə əməliyyatı ilə F.Əhmədovun çənəsində ilişib qalan gülləni çıxara bilməyiblər və yaralı Tovuz Mərkəzi Xəstəxanasının təcili tibbi yardım maşınında Bakıya göndərilir.

Digər mülki şəxs - yaralı Anya Qara qızını hələ də güllə yağışının altından çıxarıb xəstəxanaya qaldırmaq mümkün olmayıb. Onun səhhəti ilə bağlı məlumat verməkdə kənd sakinləri çətinlik çəkirlər.

Hazırda gülləbaran daha da artıb. İri çaplı silahlardan şiddətli atışma gedir. Azərbaycan Ordusunun düşməni susdurmaq üçün səfərbər olduğu bildirilir.