Ermənilər bu gecə atəşkəs rejimini 41 dəfə pozdu

Ermənilər ötən gün Tovuz rayonunun Əlibəyli kəndində yerləşən mövqelərimizi gecə saatlarında intensiv atəşə tutublar.

Müdafiə Nazirliyindən AzNews.az-a verilən məlumata görə, cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 41 dəfə pozulub.

Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Berd rayonunun ərazisindəki adsız yüksəkliklərdə, Çinari, Ayqepar və Mosesqex kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun ərazisindəki adsız yüksəkliklərdə, Koxanəbi, Əlibəyli, Hacıalılı və Ağdam kəndlərində yerləşən mövqelərimizi atəşə tutublar.

Berd rayonunun Ayqepar və Mosesqex kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli kəndində yerləşən mövqelərimiz gecə saatlarında 21:30-dan 01:50-dək avtomat və iri çaplı silahlardan intensiv atəşə məruz qalıb.

Tərtər rayonunun Çiləbürt, Göyarx, Qızıl Oba, Ağdam rayonunun Yusifcanlı, Mərzili, Füzuli rayonunun Horadiz, Goranboy rayonunun Tapqaraqoyunlu, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, Xocavənd və Göygöl rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Düşmən cavab atəşi ilə susdurulub.

AzNews.az