“AAAF Park” sahibinin saxlanmasının ilginc səbəbləri - TƏFƏRRÜAT

"AAAF Park" yaşayış kompleksində Vergilər Nazirliyi və Baş Prokuror Yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən aparılan yoxlamalardan sonra saxlanılması bildirilən "AAAF İnşaat" MMC-nin rəhbəri Tofiq Heydərovla bağlı AzNews.az ilginc məlumatlar əldə edib. Məlumatda iddia olunur ki, şirkət tərəfindən direktorun həbs xəbəri təkzib olunsa da, məlumat tam əsaslıdır və bunun çox ciddi səbəbləri var. Bildirilir ki, Heydərov vergi cinayətlə bağlı saxlanılsa da, onun cəzalandırılmasının kökündə radikal dini cərəyanlara, xüsusən vəhhabilər "yaşıl işıq" yandırması dayanır. Xəbərə görə, o, uzun müddətdir ki, Abşeronda və Xırdalanda vəhhabi məzhəbindən olan şəxslərə maliyyə yardımları göstərməklə yanaşı, bu dini cərəyanların nümayəndələrinin işlə, yaşayış yeriylə təmin olunmasında, eləcə, onların təhlükəsizliyinin təmin edilməsində ağsaqqallıq missiyasını yerinə yetirirmiş. Hətta iddia olunur ki, qatı dindar olan Heydərovun rəhbəri olduğu obyektlərin əksər işçiləri də məhz vəhhabi məzhəbinin nümayəndələri olublar.

Maraqlıdır ki, bu fakt hələ bu ilin fevralında Abşeron Rayon İcra Hakimiyyətini başçısı Zakir Fərəcovun rayon ərazisində fəaliyyət göstərən radikal dini qruplaşmalarla bağlı keçirdiyi xüsusi toplantıda səsləndirlən fikirlərlə üst-üstə düşür, hətta eynilik təşkil edir.

Belə ki, icra başçısı həmin vaxt – vəhhabi probleminin gündəmə gəldiyi bir vaxtda rayonda fəaliyyət göstərən idarə və müəssisələrin rəhbərləri, hüquq-mühafizə orqanlarının əməkdaşları, hətta tikinti şirkətlərinin təmsilçilərinin iştirakıyla çağırılan iclasda çoc ciddi mesajlar vermişdi. Bildirilirdi ki, iclasdan əvvəl icra başçısı Zakir Fərəcov Polis İdarəsindən və Milli Təhlükəsizlik Nazirliyinin Abşeron rayon Şöbəsindən rayondakı radikal dini qruplaşmalarla bağlı ilginc məlumatlar almış, həmçinin radikal dini qruplaşma üzvlərinə kömək göstərən şəxslərlə bağlı ciddi ölçü götürüləcəyi barədə xəbərdarlıq etmişdi. Hələ o vaxt xəbərdarlıq edilənlər arasında "AAAF İNŞAAT MMC"nin təsisçisi Tofiq Heydərov da olmuşdu. Rayon rəhbəri ona işçilərinə nəzarət etməyi tapşıraraq, dini qruplaşmaların işinə yardımçı olmağın böyük risk olduğunu söyləmişdi. Qeyd olunmuşdu ki, radikal dini qruplaşma üzvləri ilə hər hansı formada əməkdaşlıq və ya onlara yardımla bağlı xəbərlər təsdiqlənəcəyi təqdirdə heç kəsə güzəşt edilməyəcək (AzNews.az-ın yaydığı həmin məlumatı BURADAN oxuya bilərsiniz).

Görünür, Heydərov bu xəbərdarlığı da qulaqardına vurub. İndi vəziyyət həddindən artıq qəlizdir. Təkcə Heydərov, onun ətrafı, himayə etdiyi şəxslər deyil, həm də "AAAF Park"da mənzil və ya obyekt alan şəxslər üçün də.


Qeyd edək ki, "AAAF Park" yaşayış kompleksində ailə sağlamlıq mərkəzi, uşaq bağçası, hotel, restoranlar, müxtəlif təyinatlı mağazalar, hər biri 6 sot ərazidə inşa edilmiş 2 mərtəbəli çoxsaylı villalar, 4 mərtəbəli yaşayış evləri, uşaqlar üçün əyləncə parkı var. Burada məktəblə yanaşı, ağır atletika ilə məşğul olan "Zirvə" idman klubunun üçmərtəbəli böyük binası da inşa edilib. "Zirvə"nin C.Əsgərovun prezidenti olduğu federasiya ilə əlaqələri də mövcuddur.


Mövzunu davam etdirəcəyik.
Qarşı tərəfin mövqeyini də dərc etməyə hazırıq.


AzNews.az