Ramazan başa çatdı - VİDEO

11 ayın sultanı olan Ramazan ayı başa çatır.

ANS TV-nin məlumatına görə, bir ay nəfsilə mübarizə aparıb oruc tutanlar bu axşamı bayram axşamı olaraq qeyd edəcəklər. Ramazanda bayramın qarşılanmasına da düzgün riayət edilməsi vacib şərtlərdəndir. Ən vacib qaydalarından biri isə fitrə çıxarılmasıdır. Fitrə bayramdan bir gün əvvəl axşam verilməlidir ki, yoxsul insanlar da bayrama hazırlaşa bilsin.

Din xadimi Hacı Şahinin sözlərinə görə, hər bir insan özü üçün, ailənin üzvləri üçün ən çox yeyilən qida kimi nəzərdə tutulan - buğda, çörək, düyü, kişmiş, xurma kimi məhsullardan çıxarılan fitrə bir nəfər üçün 3 kq nəzərdə tutulub.

Fitrənin çıxarılması bu ayda oruc tutanlar və tutmayanlar üçün də eyni qaydada vacibdir. İmkanı olan insanlar fitrənin miqdarını iki-üç dəfə artıra da bilər. Maddi vəziyyəti yaxşı olmayanların isə fitrə çıxarması vacib sayılmır. Bunun üçün kimdənsə borc almaq şəriətdə bəyənilməyən haldır. Fitrə qohum-əqrəbanın, qohum-qonşunun içərisində, daha sonra ətraf məhəllə və ya kənddə olan yoxsul-fəqirlərə verilməlidir və bacardıqca bu, kiminsə vasitəsilə deyil, haqq sahiblərinin özlərinə çatdırılmalıdir.

Bayram günü isə bayram namazının qılınması islamda bəyənilir. Ramazan bayramında həyata keçirilən bəzi adətlər də var.

Bayram günü oruc tutulmaz. Zöhr namazına qədər isə bayram süfrəsi açılmalıdır. Allah tutduğunuz orucu, qıldığınız namazı, etdiyiniz duaları qəbul etsin.



AzNews.az