Ermənilər sərhəd kəndləri intensiv atəşə tutmaqda davam edir

Azərbaycan Müdafiə Nazirliyi bildirir ki, cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 68 dəfə pozulub.

Nazirliyin mətbuat xidmətindən AzNews.az-a bildiriblər ki, erməni silahlı bölmələri dünən və bu gecə Ermənistanın Berd rayonunun Çinari, Mosesqex və Ayqepar kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Koxanəbi və Əlibəyli kəndlərində yerləşən mövqelərimizi atəşə tutublar.

Ağdam rayonunun Şıxlar, Yusifcanlı, Mərzili, Şuraabad, Baş Qərvənd, Füzuli rayonunun Aşağı Seyidəhmədli, Aşağı Veysəlli, Qaraxanbəyli, Horadiz, Qorqan, Tərtər rayonunun Çaylı, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında və Goranboy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Düşmən cavab atəşi ilə susdurulub.

AzNews.az