Leyla Yunus tutuldu - Baş Prokurorluqda dindirilir (YENİLƏNİB 3 )

Leyla və Arif Yunusların istintaqının saat 18-ə qədər bitəcəyi haqda xəbərlər yayılıb. L.Yunusun arxa qapıdan çıxarılmaqla məhkəməyə aparılması xəbəri təsdiqlənmir. Jurnalistlər idarənin qapısının ağzına yığışıblar, gözləyir, açıqlama almaq istəyir, ancaq buna müvəffəq ola bilmirlər. Arada polislərlə jurnalistlər arasında qarşıdurma yaranıb. Onlar jurnalistləri idarənin önündən uzaqlaşdırmağa çalışırlar. (müsavat)


***
14:55

Hazırda iki saatdan çox olar ki, Leyla Yunus Baş Prokurorluğun İstintaq İdarəsində dindirilir. Leyla Yunusla eybi zamanda həyat yoldaşı Arif Yunus da istintaqdadır. O, təxminən 13:20 radələrində istintaq idarəsinə gətirilib. İdarənin önündə media nümayəndələri və bəzi tanınmış partiyaların gəncləri var. Leyla Yunusun Rauf Mirqədirovun işi ilə əlaqədar dindirldiyi deyilir.

Arif Yunus prokurorluqda ifadə verməyə razılaşıb. Bu haqda "Azadlıq" radiosuna onun özü məlumat verib: "Qapını açmırdım. Tələb edirdim ki, Leyla Yunus prokurorluqda vəkillə təmin olunsun. Xəbərdarlıq etdilər ki, açmasam, sındıracaqlar. Vəkil Xalid Bağırovla məsləhətləşəndən sonra qapını açdım. İndi vəkilin maşınında, bir nəfər prokurorluq əməkdaşı ilə istintaqa gedirik". (Müsavat)


***
12:33

AzNews.az-ın telefon zənginə cavab verən Arif Yunus danışa bilməyəcəyini söyləyib. O bildirib ki, mənzilin qapısı polis tərəfindən durmadan döyüldüyündən normal danışmaq iqtidarında deyil.

Milli Şuranın mətbuat xidmətinin rəhbəri Oqtay Gülalıyev isə deyib ki, Leyla Yunus Milli Şuranın bu gün narkotiklərə qarşı mübarizəyə həsr olunan tədbirində mərizəçi kimi çıxış edəcəydi: "Milli Şura RATİ-nin ofisində tədbir keçirir. Biz də hazırda həmin tədbirdəyik. Leyla Yunusun isə yaşadığı binanın yaxınlığında saxlanıldığına dair məlumatımız var".

Bahar Rüstəmli
AzNews.az


***
12:25

Sülh və Demokratiya İnstitunun (SDİ) direktoru Leyla Yunus saxlanılıb.
Bu barədə məlumatı AzNews.az-a Neftçilərin Hüquqlarının Müdafiə Komitəsinin sədri Mirvari Qəhramanlı deyib.

O bildirib ki, bu gün Leyla Yunus Milli Şuranın təşkil etdiyi narkotiklərə qarşı mübarizəyə həsr olunan tədbirinə qatılmaq üçün gedən zaman 3 nəfər şəxs tərəfindən avtomobilə mindirilərək naməlum istiqamətə aparılıb.

M. Qəhrəmanlı əlavə edib ki, Leyla Yunusun həyat yoldaşı Arif Yunusun də həbs ediləcək: "Polislər onun yaşadığı evin qapısı döyülər, çölə çıxmasını tələb edirlər. Yəqin onu da həbs edəcəklər".

A. Yunusun özü ilə danışmaq isə mümkün olmayıb.


Əhməd
AzNews.az