Kənan-Vüqar davası həmkarlarını üz-üzə qoydu: "Bu, cılızlıqdır"

Rejissor Kənan M.M-lə müğənni Vüqar Muradov arasında baş verənlər və nəticədə rejissorun həbsi göstərir ki, Azərbaycanda efir adamlarının doğrudan da davranış problemi var. Çünki bu nə ilk, nə də son belə haldır.
Belə hadisələr niyə baş verir? Sənət adamlarının mübahisələrinin əlbəyaxa həddinə qədər gəlib çatmağı doğrudurmu?

AzNews.az bunula bağlı bir neçə sənət adamının fikrini öyrənib. Həmin fikirləri şərhsiz diqqətinizə çatdırırıq:

"Elit star" Cəmilə:



-Əlbəttə iki sənət adamının dava eləməyinə pis baxıram. Kənan M.M hər bir işdə birinci olmaq istəyir. Bu, normal haldır. Amma yarışmada kim güclüdürsə, o da qalib gəlir. Amma uduzandan sonra belə bir addım atmaq cılız, zəif insanlara məxsusdur. Əksinə, Kənan Vüqara uduzandan sonra onu təbrik etməliydi. Çünki yol cavanlarındır.

Tanınmış aktyor Qorxmaz Əlili:



-Hadisədən xəbərim yoxdur. Vüqar Kənanla rinqə çıxan oğlandır? Gərək belə bir vəziyyət yaranmayayadı. Çünki biz xalqa nümunə olmalıyıq. Nə hadisə baş versə, gərək xalqdan gizlədək. Çünki sonra incəsənət gözdən düşür. İnanıram ki, barışacaqlar.

Daha çox "Dolu" filminin "Drakon"u kimi tanınan aktyor Rza Rzayev:


-Kənan istedadlı və qürurlu insandır. Sadəcə kimlərsə gədəlik edib, bu da dözməyib cavablarını verib. Bəlkə də qanunu pozub. Kənan bunu da bilməmiş deyil. Yəqin ki, qürurunu və mənliyini qorumaq üçün hər şeyi gözə alıb. Qoymarıq çaqqalar qurdu basa. Kənansevərlərdən, sənət adamlarından Kənana dəstək istəyirəm. İstedadlı insanın içəridə yatması çətindir. Kənanı tək qoymayacağıq. Kimsə nədənsə sığortalanmayıb. Kənan bəlkə də bilməyərəkdən qanunu pozub. Amma onun istedadı, cəmiyyətimizdəki rolu, əhəmiyyəti Kənanın qanun tərəfindən bağışlanmasına imkan verir. Səlahiyətli insanlar bunu nəzərə almalıdırlar!


Bakı bələdiyyə teatrının aktrisası, əməkdar artist Hüsniyyə Mürvətova:



-Mənim Kənana çox böyük hörmətim var. Onun yaxşı insan və öz üzərində çalışan rejissor kimi tanıyıram. Vüqarla heç bir tanışlığım yoxdur. Bilirəm ki, müğənnidir. Amma bu hadisəyə və Kənanın həbsə düşməsinə görə çox üzgünəm. İnanıram ki hər şey yoluna düşəcək. Əgər bu dava "Ulduzların döyüşü" layihəsinə görə düşübsə, bu tipli şou layihəyə qarşıyam. Sənət adamları sənətdə rəqabətə girsələr, daha yaxşı və daha düzgün olar. Kənanın tezliklə həbsdən çıxmağını arzulayıram.


İntiqam Valehoğlu
AzNews.az