Kəlbəcərdə girov götürülən iki azərbaycanlı ailəsinə məlumat göndərdi

Ermənistan hərbçiləri tərəfindən Kəlbəcərdə girov götürülən iki azərbaycanlı ailələrinə məlumat göndəriblər.

Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan nümayəndəliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova Trend-ə deyib ki, BQXK-nın nümayəndələri iyulun 28-də saxlanılan azərbaycanlılara ikinci dəfə baş çəkib: "Başçəkmə zamanı onlara ailələrindən məlumat çatdırılıb, onlar da ailələri üçün məlumat göndəriblər".

Qeyd edək ki, Ermənistan kütləvi informasiya vasitələrində iyulun 11-də erməni xüsusi təyinatlıları tərəfindən Azərbaycanın işğal olunmuş Kəlbəcər rayonunun Şaplar kəndində keçirilən əməliyyat zamanı Həsən Həsənov adlı bir azərbaycanlının öldürülməsi, Şahbaz Quliyev və Dilqəm Əsgərov adlı iki azərbaycanlının isə girov götürüldüyü və onlara cinayət işi açıldığı barədə məlumatlar yayılıb. BQXK-dan Trend-ə verilən məlumata görə, öldürüldüyü iddia edilən azərbaycanlı Dağlıq Qarabağda dəfn edilib.

AzNews.az