Şair hökmdarlar haqqında yazılan... Və İlham Əliyevə hədiyyə edilən kitab

Nadir Qocabəyli

Bu günlərdə bizim Şahbaz Xuduoğlunun başdan-başa kitabla dolu otağında, müxtəlif qalınlıqda, rəngbərəng cildli kitabların qalaqlandığı masasının üzərində gözüm bir kitaba sataşdı: "Sultanların şeirləri, şeirlərin sultanları". Kitab elə bil mənə nəsə uzaqda, keçmişdə qalan, gəncliyimlə bağlı, həm də həzin xatirələrin boylandığı nəyisə xatırlatdı. Əlimi istər-istəməz uzadıb götürəndə, baxışlarım qeyri-şüuri olaraq bir zamanlar tanıdığım insanın kitabın üzərinə nisbətən xırda şriftlərlə yazılmış adını axtarıb tapdı. Bəli, bu o idi – Əhməd Yəsəvi universitetinin Ankaradakı ictimai elmlər institutunun direktoru, 1996-1998-ci illərdə həmin universitetdə mənə Divan Ədəbiyyatı fənnindən dərs deyən professor-doktor sayın Mustafa İsen; bizə, öz tələbələrinə Osmanlı və Krım sultanlarının, azəri, türkmən, məmlük hökmdarların, Teymur və Babur xanədanına mənsub xan və şahların şeirlər, qəzəllər, qəsidələr yazıb divan bağlamalarından həvəslə danışan, əruz vəzninin sirlərini özünəməxsus tərzdə, səbrlə, yorulub-usanmadan öyrədən zəhmətkeş və xoşrəftar hocamız…

Mustafa hocanın klassik türk ədəbiyyatı, divan şeiri, əruz vəzni haqda çoxlu araşdırmalarının və kitablarının olduğunu bilirdim, o kitablardan bir neçəsini Türkiyədən gələrkən özümlə gətirmişəm və bu günədək də evdəki kitabxanamda saxlayıram. Hətta bir yazımda onun "Ötələrdən bir səs" kitabında Füzulinin divanlarının müxtəlif şəhərlərdə çapıyla bağlı verdiyi qiymətli məlumatdan istifadə etmişəm. Yadımdadır, Mustafa hoca həmişə böyük türk şairləri içərisində ən çox çap olunan və oxunan şairin Məhəmməd Füzuli olduğunu deyir, ona böyük dəyər verirdi.

Xatirimdən heç vaxt çıxmayacaq daha bir mühüm məqam isə, beş il Bakı Dövlət Universitetinin filologiya fakültəsində təhsil almağıma, klassik Azərbaycan ədəbiyyatını, xüsusilə də, Füzuli yaradıcılığını sevərək oxuyub-öyrənməyimə baxmayaraq, dahi şairimizin həzrəti peyğəmbərimzə (s.) həsr etdiyi "Su" rədifli qəsidəsindən xəbərimin olmaması və bunu ilk dəfə Mustafa hocanın ağzından eşidərkən heyrətlənməyimdir.

Saçma ey göz, əşkdən könlümdəki odlara su
Kim bu dənli tutuşan odlara qılmaz çarə su…

Mustafa hoca ilə arabir dərsdən kənar, "siyasi" söhbətlərimiz də olurdu və o, Türkiyənin yetərincə daxili problemləri olduğu halda, tutaq ki, xaricdə məktəblər, universitetlər açmasından, turkdilli ölkələrdən gələn tələbələrə pulsuz təhsil, hətta təqaüd verməsindən tez-tez şikayətlənən türkiyəli tələblərə deyirdi: "Arkadaşlar, altı yüz sənə dünyada kabadayılık yapmış bir ölkə kəndi qınına çəkilərsə, onu bitirirlər".
Nə isə, mövzudan yayınmayaq. Mustafa İsenin bir neçə il öncə Türkiyə prezidenti administrasiyasının rəhbəri təyin olunmasından, bu vəzifədə səhv etmirəmsə, iki dəfə Bakıya səfər etməsindən xəbərim vardı. Təbii ki, bir vaxtlar müəllimim olmuş gözəl bir insanın belə yüksək vəzifəyə gətirilməsi mənimçün qürurverici bir hadisəydi. Ötən il televizorda onun hörmətli cənab prezidentimiz İlham Əliyevlə görüşdüyünü və ona kitab bağışladığını da gördüm, ancaq kitabın məhz "Qanun" nəşriyyatında çap olunmuş "Sultanların şeirləri, şeirlərin sultanları" olduğunu ilk dəfə Şahbaz bəydən eşitdim. Əlbəttə, sevimli müəllimimin cənab prezidentə bağışladığı kitabının xeyli müddətdir əməkdaşlıq etdiyim "Qanun" nəşriyyatından çapdan çıxması məni sevindirməyə bilməzdi. Bunu dərhal hiss edən Şahbaz Xuduoğlu kitabdan bir nüsxə mənə bağışladı.
Mustafa İsenlə bərabər kitabın digər həmmüəllifləri Ali Fuat Dilkan və Tuba Işınsu Durmuş böyük zəhmət sərf edərək, bütün türk dünyası sultanlarının, hökmdarlarının şeirlərini toplayıb nəşr etdirməklə gözəl bir ədəbi-elmi araşdırma ortaya qoymuşlar. Müəlliflərin türkcə nəşrinə yazdıqları ön sözdə, eləcə də xalq şairi, millət vəkili Sabir Rüstəmxanlının kitabın azərbaycanca nəşrinə yazdığı giriş sözündə əsər haqqında ümumi təəssürat yaradacaq yığcam məlumat verilmiş, istiqamətlərin nədən ibarət olduğu göstərilmişdir. Kitabı əldə edib oxumaq istəyən oxuculara bəzi məqamları təkrarlamaq zorundayam.

Kitabda Osmanlı sultanlarından tutmuş, Hindistanda xanədan qurmuş türk hökmdarlarının bədii yaradıcılığı haqqında məlumat verilmiş, onların əsərlərindən örnəklər gətirilmişdir; 28 Osmanlı sultanının, 8 Krım sultanının, 5 Azərbaycan hökmdarının, 8 Məmlük sultanının, 6 Teymurilər sülaləsi hökmdarının və 2 Hindistan-Babur xanədanı hakiminin fəaliyyət və yaradıcılıqları haqqında qısa bilgilər verilərək, şeirləri təqdim olunmuşdur.



Mənə elə gəlir ki, bu kitabın əsas qayəsi bütün dövrlərdə yaşayan və səltənət sürən, eyni zamanda ədəbi yaradıcılıqla məşğul olan türk hökmdarlarının şeirə, sənətə, ədəbiyyata, mədəniyyətə yüksək qiymət verdiklərini bir daha göstərməkdir. "Zər qədrini zərgər bilər" deyən atalarımız, təbii ki, yanılmamışlar, çünki şeirə, sənətə, musiqiyə, ədəbiyyata yalnız bu mətləblərdən anlayanlar yüksək dəyər verə, onların həm insanın fərdi-estetik dünyagörüşündə, həm də cəmiyyətin həyatının mədəniləşməsində, inkişafında müstəsna rol oynadığını dərk edə bilərlər. Bu mənada millətimizin dünya xalqları içərisində özünəməxsus və öncül yerlərdən birinə sahib olması, şübhəsiz, ta qədim zamanlardan – Orxon-Yenisey abidələri dönəmindən günümüzə qədər bütün türk hökmdarlarının elmə, təhsilə, mədəniyyətə, ədəbiyyata yüksək qiymət vermələriylə sıx bağlıdır. Müsəlman dünyasında türklərin ən ön sırada olmasının əsas səbəbi zənnimcə, məhz bu amildir.

Azərbaycanda Şah İsmayıl Səfəvinin Xətai təxəllüsüylə gözəl, incə ruhlu şeirlər yazdığını hər kəs bilir. Onun "Dəhnamə" məsnəvisində baharın gəlişini necə gözəl təsvir etməsi dillər əzbəridir:

Qış gedi, yenə bahar gəldi,
Gül bitdi və laləzar gəldi,
Quşlar hamısı fəğana düşdü,
Eşq atəşi yenə bu canə düşdü…

Yaxud "Yol daşını yol quşuna, atma qardaş, kərəm eylə" misrasındakı sadəlik və gözəllik, sufi fəlsəfəsi hamımıza nə qədər doğmadır. Amma təəssüflər olsun ki, Şah İsmayılla Çaldıran döyüşündə üz-üzə gəlib, onu məğlub edən Osmanlı sultanı Yavuz Sultan Səlimin şeir və sənətə, sənətkarlara yüksək qiymət verdiyindən, özünün farsca şeirlər yazdığından, hətta divanı olduğu və 1904-cü ildə alman imperatoru II Vilhelmin əmriylə professor Horn tərəfindən yayımlandığından çox az adamın xəbəri var. Fərman Kərimzadənin sovet dönəmində çap olunmuş "Xudafərin körpüsü" romanında qəddar, qaniçən və şəhvət düşkünü kimi təsvir olunan Sultan Səlimin, sən demə, çox gözəl qəzəlləri varmış:

Gözlərimdən axdı dəryalar kimi yaşım mənim,
Dostlar, çox nəsnə gördü bəlalı başım mənim.
Keçmək üçün seyli-əşkimdən xəyali-əsgərim,
Bir dirəkli, iki gözlü körpüdür qaşım mənim.
Mən gəda qürbət diyarında qalardım yalqız,
Möhnətü-dərdü-bəla olmasa yoldaşım mənim.
Ey fələk doqquz dolu cam içməyincə Xan Səlim,
Dəhr içində olmadı hərgiz ayaqdaşım mənim.

"Sultanların şeirləri, şeirlərin sultanları" kitabının ən böyük özəlliklərindən biri də Şah İsmayıl və Sultan Səlim də daxil olmaqla bütün türk hökmdarları, onların siyasi-mədəni fəaliyyəti və yaradıcılığı haqqında qısa da olsa, obyektiv, düzgün bilgi verməsi, şeirlərindən örnəklər təqdim olunmasıdır. Məsələn, kitabda müəlliflər qətiyyən Osmanlı təəssübkeşliyinə qapılmadan Xətai yaradıcılığına layiq olduğu geniş yeri vermiş, onu saf və sadə türkcədə yazan, "Azərbaycan türkcəsinin ən gözəl ədəbi örnəklərini yaradan" böyük sənətkar kimi səciyyələndirmişlər.

Azərbaycanlıların daha çox son zamanlar yayımlanan "Möhtəşəm yüzil" teleserialından tanıdıqları Qanuni Sultan Süleyman bu kitabda Osmanlı sultanları içərisində ən çox şeir yazmış şair-sultan kimi təqdim olunur. Mühibi, Məftuni və Acizi təxəllüsləriylə şeirlər yazan Sultan Süleymanın farsca və türkcə iki divanı var.

Hayi-huydan fariq ol, aləmdə insanlıq budur,
Pəndini guş eyləgil murun, Süleymanlıq budur.
Hər kimə qılsan nəzər sən, onu səndən yek bilib,
Görmə kəndi kəndüzin, zira ki, şeytanlıq budur.

Kitabda çağdaş oxucunun anlamaqda çətinlik çəkdiyi misraların izahatı da verilib, ona görə də, məsələn, "Pəndini guş eyləgil murun, Süleymanlıq budur" misrasının "Qarışqanın öyüd-nəsihətinə qulaq as, Süleymanlıq budur" anlamına gəldiyini hər bir oxucu məmnuniyyətlə oxuyub başa düşə bilər.

Kitabı Azərbaycan türkcəsinə uyğunlaşdıran həmkarım Nizami Zöhrabiyə də, çəkdiyi zəhmətdən dolayı təşəkkür edir və hər kəsi bu dəyərli əsərdən faydalanmağa dəvət edirəm.

AzNews.az