Tural Abbaslı: “Bunun cəzasını çəkəcək”

"Müsavat Partiyasında başqanlğa namizədlərin təbliğat müddəti ilə bağlı heç bir qadağa yoxdur".

Bunu AzNews.az-a açıqlamasında Müsavat Partiyasının Divan üzvü Tural Abbaslı deyib.

Təbliğat-təşviqat kampaniyasının keçirilmə dövrünə dair partiyadaxili hər hansı qaydanın olmadığını deyən T. Abbaslı bildirib ki, bu barədə səsləndirilən fikirlər həqqətə söykənmir: "Müsavat Partiyasında bu məsələdə məhdudiyyət yoxdur. Mənim təbliğat xarakterli şəkillərimin "Facebook" səhifəsində paylaşılmasına gəlincə, bunu təşviqat kimi də qəbul edə bilərlər. Siyasət təbliğat üzərində qurulub. Bu gün Müsavat Partiyasının başqanlığına iddialı olan namizədlərin də bu və digər formada təbliğatı aparılır. Burada qeyri-qanuni heç nə görmürəm".

Divan üzvü onu da vurğulayıb ki, o, Müsavat Partiyasının başqanı olmaq iddiasına təsadüfən düşməyib: "Bu ağır yükün məsuliyyətini dərk edirəm. Gənclik doğrudan da hər şeyə hazırdır. Partiyada həbs olunanların da böyük əksəriyyəti gənclərdir. Bu məqam xüsusi vurğulanmalıdır".

T. Abbaslı partiyanın başqanı postuna iddialı olan Səxavət Əlisoyun "Müsavat başqanı türk oğlu türk olmalıdır" ifadəsinə də aydınlıq gətirib: "Müsavat demokratik bir partiyadır. Əgər Səxavət bəy düşünürsə ki, Müsavat başqanı türk oğlu türk olmalıdır, bu onun şəxsi fikiridir. Yox, əgər desəydi ki, Müsavat Partiyasında milli azlıqlar olmamalıdır. Bax, bu daha mənfi fikir olardı. O, sadəcə arzusunu deyib. Təbii ki, onun arzusunu birmənalı qəbul etmək istəməyən insanlar var. Onlar da bunu öz istədikləri kimi yoza bilərlər. O ki, qaldı bu fikirin uğurlu olub-olmamasına, bunun cəzasını Səxavət Əlisoy çəkəcək".

Bahar Rüstəmli
AzNews.az