Vəkil: “Leyla Yunus şəkər xəstəsidir, həbsindən sonra səhhətini diqqətə almışıq”

"Dünən axşam saat 8-də Leyla Yunusun digər vəkili onunla görüşüb. Bu gün də günün sonuna yaxın vəkilin onunla görüşməsi nəzərdə tutulub". Bunu Modern.az- açıqlamasında hüquq müdafiəçisi Leyla Yunusun vəkili Cavad Cavadov deyib.

Cavad Cavadovun sözlərinə görə Leyla Yunusun səhhətində hələ ki, dəyişiklik yoxdur. "Həmçinin, dünən onunla görüşərkən səhhəti ilə də maraqlandıq. Hələ ki qidalanma və dərman qəbulu ilə bağlı problem yoxdur. Yəni vaxtlı-vaxtında Leyla Yunusun dərman qəbul etməsinə həm istintaqda, həm də məhkəmədə şərait yaradılır. Çünki şəkər xəstəsi olduğundan qidaları vaxtında qəbul etməsi daha vacbdir. Bu günkü görüşdə də əsas diqqəti onun səhhətinə yönəldəcəyik. O zaman dəqiq biləcəyik ki, Leyla xanımın səhhətində hər hansı dəyişiklik var, yoxsa yox".

Avropa Məhkəməsinə müraciətə gəlincə, "Leyla Yunusun yerli məhkəmə instansiyalarından hər hansı bir gözləntisi yoxdur. Bundan əvvəl hava limanında saxlanılmışdı. Buna görə də bir çox məsələlərlə bağlı Avropa Məhkəməsinə müraciət hazırdır. Yaxın günlərdə göndəriləcək. Sonuncu məsələ ilə bağlı da Apellyasiya Məhkəməsinə müraciət edib, sonra Avropa Məhkəməsinə müraciət göndərəcəyik"-deyə vəkil əlavə edib.

Ailə üzvlərinin Leyla Yunusla görüşməsinə də vəkil Cavad Cavadov aydınlıq gətirdi. "Leyla xanımın Bakı İstintaq Təcridxanasına göndərilməsi məhkəmənin qərarında öz əksini tapıb. Rejim orda ümumi qaydadadır. Qanun çərçivəsindədir. Yəqin ki, ailə üzvləri ilə görüş məsələsi də qanun çərçivəsində təmin olunacaq. Təmin olunmasa bununla bağlı müəyyən tədbirlər görəcəyik. Ümid edirik ki, orda bir problem olmayacaq".

Qeyd edək ki, Nəsimi rayon Məhkəməsi hüquq müdafiəçisi Leyla Yunus barəsində 3 aylıq həbs qətimkan qərarı verib.

AzNews.az