Elçin Behbudov Leyla Yunusu qınadı

"Ermənilərlə dostluq, əməkdaşlıq etmək yolverilməzdir".

Bunu AzNews.az-a İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri, hüquq müdafiəçisi Elçin Behbudov Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunusun həbs olunmasına münasibət bildirərkən deyib. O vurğulayıb ki, Azərbaycanın müvafiq qurumları Leyla Yunusun həbs olunması ilə bağlı açıqlamalarını verdilər: "O erməni kəşfiyyatı ilə əməkdaşlıqda günahlandırılır. İşğalçı ölkənin insanları ilə əməkdaşlıq təəssüfedicidir. Mən hər zaman bildirmişəm ki, ermənilər bizim irisi düşmənlərimizdir. Mən Şuşalıyam və babalarımın qəbirlərinin hamısı oradadır. Ermənilər dostluq, əməkdaşlıq etmək yolverilməzdir. Nə deyim. Allah özü hər kəsə kömək olsun".

Hüquq müdafiəçisi Leyla Yunusla görüşmək fikrinin olduğunu da deyib: "Onunla görüşmək fikrim var idi. Amma bu alınmayacaq. O, Ədliyyə Nazirliyinin tərkibində olan Bakı İstintaq Təcridxanasında saxlanılır. Mən sözü gedən təcridxana ilə əməkdaşlıq etmədiyim üçün görüşə bilməyəcəm".

Qeyd edək ki, Azərbaycan Baş Prokurorluğu və Milli Təhlükəsizlik Nazirliyi Leyla Yunusun həbsi ilə bağlı birgə məlumat yayıb. Qeyd olunur ki, ibtidai istintaqı aparılan cinayət işi üzrə Azərbaycan Respublikasının vətəndaşı Mirqədirov Rauf Həbibula oğlunun 2008-ci ilin aprel ayından etibarən Ermənistan Respublikasının xüsusi xidmət orqanının əməkdaşlarına qəsdən kömək edərək casusluğu ilə dövlətə xəyanət etməsinə əsaslı şübhələr olduğundan 19 aprel 2014-cü il tarixdə o cinayət törətməkdə şübhəli şəxs qismində tutulmuş, 21 aprel 2014-cü il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla Nəsimi rayon məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

AzNews.az