Cəbhədəki gərginliklə bağlı rəsmi açıqlama

Müdafiə Nazirliyi gecə saatlarında cəbhədə baş verən gərginliklə bağlı rəsmi açıqlama yayılıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, iylun 31-dən avqustun 1-ə keçən gecə erməni kəşfiyyat-təxribat qrupları Ağdam və Tərtər rayonları ərazisində qoşunların təmas xəttini keçməyə cəhd göstərib.

Silahlı Qüvvələrimizin bölmələrinin sayıqlığı nəticəsində düşmənin səngərlərimizə yaxınlaşması qabaqcadan aşkar edilərək təxribatın qarşısı alınıb. Şiddətli atışmadan sonra erməni bölmələri xeyli itki verərək geri çəkilməyə məcbur edilib.

Təəssüflər olsun ki, Silahlı Qüvvələrimizin bölmələri də itki verib.

İyulun 31-də saat 20.00 radələrində Ermənistan-Azərbaycan sərhəddinin Qazax rayonu ərazisində düşmənlə döyüşdə Silahlı Qüvvələrimizin 1977-ci il təvəllüdlü, Qazax rayonundan hərbi xidmətə çağırılmış gizir Almazov İsə Ziyad oğlu düşmən tərəfindən açılan atəş nəticəsində şəhid olub.

Müdafiə Nazirliyinin rəhbərliyi şəhidlərin valideynlərinə və yaxınlarına dərin hüznlə baş sağlığı verir və səbr diləyir!

AzNews.az