Bahar Muradova: “Ermənistanın məntiqsiz məntiqi daha ciddi dalana dirənəcək“

Ermənistan güc yolu ilə, yalnız öz imkanları hesabına yox, xarici dairələrin köməyi ilə işğal etdiyi Azərbaycan torpaqlarında daha artıq möhkəmlənmək istəyir, eyni zamanda, qeyri-qanuni, separatçı bir rejimi tanıtdırmaq istiqamətində səylərini ortaya qoymaqla yanaşı, atəşkəs rejimini pozaraq diqqəti bu məsələlərdən yayındırmağa çalışır. Bu barədə Trend-ə Milli Məclisin sədr müavini Bahar Muradova ermənilərin cəbhə xəttində tez-tez atəşkəsi pozmasına münasibət bildirərkən deyib.

B.Muradova qeyd edib ki, Ermənistan provokasiyaları özü törətməklə Azərbaycan tərəfini ittiham etməyə cəhd göstərir: "Bu, açıq-aşkar ortadadır və bunun məntiqi də yoxdur, çünki normal məntiqlə yanaşsaq, qonşu ölkənin torpaqlarını işğal etmək heç bir məntiqə sığmır. İşğala qanuni don geyindirməyin beynəlxalq hüquqda heç bir əsası yoxdur. Ancaq Ermənistan bunu pərdələmək üçün millətlərin öz müqəddəratını təyinetmə prinsipi ətrafında fikirlərin dolaşmasına çalışır. Ermənistan Azərbaycan torpaqları hesabına ikinci bir Ermənistan dövlətinin yaradılmasına çalışır. Ermənistanın fəaliyyətinin görünən məntiqsiz məntiqi bundan ibarətdir".

Onun sözlərinə görə, hazırda dünyada gedən proseslər, dünyanın bir çox regionlarında yaranmış münaqişəli vəziyyətlər Ermənistanın bir az da əl-qolunu açır: "Ermənistan görəndə ki, bu cür hərəkətlər cəzasız qalır və dünyanın diqqəti başqa istiqamətlərə yönəlib, daha artıq bölgədə möhkəmlənmək üçün, işğal etdiyi ərazilərə hüquqi don geyindirmək üçün fəaliyyətini genişləndirməyə çalışır. Amma əlbəttə ki, Azərbaycan da Ermənistanın beynəlxalq hüququn prinsiplərinə zidd olan fəaliyyətini ifşa etmək istiqamətində öz işini davam etdirir".

Vitse-spiker əlavə edib ki, Azərbaycan özünün artan imkanları ilə, həyata keçirdiyi qlobal layihələrlə Ermənistanı iqtisadi əməkdaşlıqdan, regionda olan ölkələrin, o cümlədən Azərbaycanın imkanlarından məhrum etməklə düzgün yol tutub: "Haqq-ədalət Azərbaycanın tərəfindədir və odur ki, Azərbaycanın fəaliyyətinin məntiqli, hüquqi əsaslı olduğu açıq-aşkar görünür, Ermənistanın isə məntiqsiz məntiqi daha ciddi dalana dirənəcək və öz fəaliyyətinə adekvat qiymət alacaq".

Qeyd edək ki, erməni silahlı qüvvələri son dövrlər cəbhə xəttində atəşkəs rejimini daha intensiv pozur. İyulun 31-dən avqustun 1-nə keçən gecə isə erməni kəşfiyyat-təxribat qrupları Ağdam və Tərtər rayonları ərazisində qoşunların təmas xəttini keçməyə cəhd göstərib. Lakin Silahlı Qüvvələrimizin bölmələrinin sayıqlığı nəticəsində düşmənin səngərlərimizə yaxınlaşması qabaqcadan aşkar edilərək təxribatın qarşısı alınıb. Şiddətli atışmadan sonra erməni bölmələri xeyli itki verərək geri çəkilməyə məcbur edilib.

AzNews.az