Müdafiə nazirləri görüşdü - Naxçıvanda

Bu gün Naxçıvan şəhərində Əlahiddə Ümumqoşun Ordusunun Qərargahında Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov, Gürcüstanın Müdafiə naziri cənab İrakli Alasaniya və Türkiyə Respublikasının Milli Müdafiə naziri cənab İsmət Yılmaz arasında üçtərəfli formatda görüş keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, görüşdə nazirlər regionda cərəyan edən hərbi-siyasi vəziyyət və təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparıb və hərbi sahədə əməkdaşlıq üzrə bir sıra qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər.

Eyni zamanda qərar qəbul edilmişdir ki, Müdafiə nazirləri bu formatda hər altı aydan bir görüşsünlər.
Dasnışıqlardan sonra kütləvi informasiya vasitələri nümayəndələri üçün brifinq keçirilib və Müdafiə nazirləri üçtərəfli görüşün yekunları barədə medianı məlumatlandırıblar.

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun kütləvi informasiya vasitələri nümayəndələri qarşısında çıxışı

"Hörmətli mətbuat nümayəndələri!

Bu gün biz, Azərbaycan, Gürcüstan və Türkiyənin Müdafiə Nazirləri üçtərəfli formatda ilk görüşümüzü keçirdik. Görüş zamanı regionda cərəyan edən hərbi-siyasi vəziyyət və təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi apardıq, bölgədə sabitliyin təmin edilməsi yollarını birgə araşdırdıq.

3 dost-qonşu xalq arasında münasibətlərin və fəaliyyətlərin üçtərəfli formatda inkişaf etdirilməsinin səmərəliliyi vurğulandı, bu formatda münasibətlərimizin gələcək perspektivlərini müzakirə etdik, qarşılıqlı maraq doğuran istiqamətlər barədə geniş fikir mübadiləsi apardıq.

Bu formatda danışıqların genişləndirilməsi və Müdafiə Nazirlərinin üçtərəfli görüşlərinin hər il növbə ilə Azərbaycanda, Gürcüstanda və Türkiyədə keçirilməsi, əməkdaşlığımızın gedişatının müzakirə edilməsi və gələcək perspektivlərin müəyyənləşdirilməsi barədə qərar qəbul etdik.

3 ölkənin Silahlı Qüvvələrinin döyüş qabiliyyətinin artırılması və qarşılıqlı əməliyyat uyarlığının əldə edilməsi məqsədilə üçtərəfli birgə təlimlərin keçirilməsi, birgə seminar və konfransların təşkil edilməsi, hərbi təhsil və hərbi-texniki sahələrdə əməkdaşlığın üçtərəfli formatda təşkil edilməsi, neft və qaz boru kəmərlərinin mühafizəsi üzrə üçtərəfli təlimlərin keçirilməsi, əməkdaşlıq sahələrinin genişləndirilməsi üçün üç ölkə mütəxəssislərinin ekspert görüşlərinin təşkil edilməsi məqsədəuyğun hesab olunmuşdur.

Mən Türkiyə Respublikasının Milli Müdafiə Naziri hörmətli İsmet Yılmaz və Gürcüstanın Müdafiə Naziri hörmətli İrakli Alasaniya cənablarına dəvətimizi qəbul edib Naxçıvana gəldiklərinə və bu iki gün ərzində üçtərəfli görüşdə iştirak etdiklərinə görə təşəkkürümü bildirirəm".




AzNews.az