YAP rəsmisi: “İsa Qəmbər Müsavatın sədri seçilməyəcək“

AzNews.az Yeni Azərbaycan Partiyası icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzovun Trend-ə müsahibəsini təqdim edir:

- Siyavuş müəllim, bələdiyyə seçkilərinin keçirilməsinə getdikcə daha az vaxt qalır. Yeni Azərbaycan Partiyasının bələdiyyə seçkilərinə hazırlığı hansı mərhələdədir?

- Bildiyiniz kimi, bələdiyyə seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin iyul ayında qəbul etdiyi qərarı var. Bundan sonra da rayon və şəhər təşkilat sədrlərinin, o cümlədən aparat rəhbərlərinin birgə toplantısını keçirərək bələdiyyə seçkilərinə hazırlığın növbəti mərhələsi ilə bağlı onların qarşısında konkret vəzifələr müəyyənləşdirilib. Bələdiyyə seçkiləri ilə əlaqədar həm bizim ümumi partiya proqramımız, həm də rayon və şəhər təşkilatlarının tədbirlər planı var. Həmin proqram və planların hər bir bəndinə uyğun olaraq, bu istiqamətdə fəaliyyət qurulur. Qısaca olaraq bu proqrama nələrin daxil olduğunu deyim. Birinci növbədə, keçmiş namizədlərlə bağlı tədqiqatlar və təhlillər aparılacaq. Biz bunu mütəmadi aparırdıq və indi də davam etdiririk. Yəni 5 il ərzində Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülmüş namizədlərin fəaliyyəti qiymətləndiriləcək, onların insanlar tərəfindən, seçicilər tərəfindən necə qəbul olunması və onlardan kimlərin namizədliklərinin təkrar irəli sürülməsi müəyyənləşdiriləcək. İkinci məsələ isə rayonlarda 5 ildə yeni ictimai-siyasi vəziyyətə uyğun olaraq formalaşmış, hazırlıqlı, bacarıqlı, bundan öncəki prezident, parlament və bələdiyyə seçkilərdə təbliğat-təşviqat kampaniyasında aktiv iştirak etmiş gənclər və qadınlar arasından da namizədlərin seçilməsidir. Seçki dövründə fəaliyyət göstərəcək mərkəzi və yerli seçki qərargahlarında fəaliyyət göstərəcək partiya fəallarının siyahısı hazırlanacaq və mərkəzi qərargaha təqdim olunacaq.
Bundan əlavə, həm namizədlər, həm də müşahidəçilər və məşvərətçi səs hüquqlu üzvlər üçün təlimlərin keçirilməsi nəzərdə tutulur. Bu və ya digər istiqamətlərdə işlər davam etdirilir. Bilirsiniz ki, təxminən oktyabr ayında bələdiyyə seçkilərinə start veriləcək. Yəni bələdiyyə seçkilərinə start verilənə qədər bizim bütün irəli sürüləcək namizədlərimiz, seçki qərargahlarımız, orada fəaliyyət göstərəcək insanlar tam hazır vəziyyətdə olacaqlar.

- Müxalifət partiyalarının bələdiyyə seçkilərinə hazırlıqlarını necə dəyərləndirirsiniz?

- Ümumiyyətlə, müxalifət düşərgəsində bir süstlük yaşanır və bu süstlüyün də səbəbləri ondan ibarətdir ki, ilk növbədə onlar bələdiyyə seçkilərində iştirak edə bilməyəcəklər və hər hansı bəhanələr axtarırlar ki, seçkilərdə iştirak etməsinlər. Çünki bələdiyyə seçkilərində 20 minə yaxın namizəd irəli sürülməlidir və namizəd irəli sürmək üçün müxalifətin sosial bazası, elektoratı yoxdur. Ona görə də bələdiyyə seçkiləri ilə bağlı müxtəlif fikirlər ortaya atırlar ki, guya bələdiyyə seçkilərinin statusu zəif olduğu üçün iştirak etmək istəmirlər. Əslində isə səbəb onların yerlərdə irəli sürə biləcək namizədlərinin olmamasıdır. Bu baxımdan da onlar funksiyalarını başqa-qaşqa istiqamətlərdə yönəltməyə çalışırlar ki, gündəmdə qalsınlar.

- Bir sıra müxalifət partiyaları müxtəlif cinayətlər törətməkdə təqsirləndirilən bəzi QHT nümayəndələrinin hüquqlarını müdafiə etmək üçün müxtəlif qurumlar yaradırlar. Bu məsələyə münsibətinizi bilmək istərdik.

- Bəli, bir qrup müxalifət partiyaları özlərini guya ki, insan hüquqlarının müdafiəçisinə çeviriblər, bu və ya digər şəkildə cinayət törətmiş şəxslərin hüquqlarını müdafiə etmək üçün komitələr, qurumlar yaradırlar. Amma bütün bunlar sırf özlərini gündəmdə saxlamaq üçündür. Həmin adamlara bunların heç bir aidiyyəti yoxdur və xarici ölkələrdə həmin adamları maliyyələşdirən kəşfiyyat orqanlarının diqqətini cəlb etmək və onlardan vəsait qoparmağa çalışırlar.

- Müsavat Partiyasının qurultay məsələsi getdikcə uzanır və mətbuatda yayılan məlumatlara görə, iki gün öncə partiyanın qurultaya hazırlıq üzrə təşkilat komitəsinin iclası zamanı başqanlığa potensial namizədlər arasında qalmaqal yaşanıb. Bu məsələləri nə cür dəyərləndirirsiniz?

- Artıq 3 ildir ki, Müsavat Partiyasının qurultay qalmaqalı gündəmdədir. Hələ son prezident seçkiləri öncəsi də bu qalmaqal var idi. Gah dedilər ki, bizi yerlə təmin etmirlər, gah da bir şou düzəltdilər ki, qurultayı Gürcüstanda keçirmək istəyirlər, Türkiyədə keçirmək istəyirlər. Bu və ya digər şəkildə qurultayın keçirilməsini ləngidirlər. Bu da ondan irəli gəlir ki, burada problem başqan problemidir. Əgər orada düzgün seçki keçirilsə, İsa Qəmbər Müsavat Partiyasının başqanı seçilməyəcək. Bunu müsavatçılar qəbul etmirlər və görürlər ki, gündən-günə Müsavat Partiyası geri çəkilir, demək olar ki, kağız üzərində, qəzet üzərində olan bir partiyaya çevrilib. Bir neçə üzvü mətbuatda çıxış etməklə gündəmdə qalan bir partiyadır. Yəni bu partiyanın hər hansı bir fəaliyyəti yoxdur. Bu baxımdan da namizədlər arasında ciddi şəkildə qarşıdurma var. Bir qrup istəyir ki, özü seçilsin və Müsavatın tərkibində islahatlar aparsın, bir qrup isə istəyir ki, Müsavatı özünün gəlir mənbəyinə çevirməklə zavod kimi, müəssisə kimi və yaxud da bir firma kimi monopoliyaya götürərək özlərinin iqtisadi və siyasi maraqlarını təmin etsinlər. Bu qruplar arasında ciddi şəkildə mübarizə gedir.

AzNews.az