İntihar etmək istəyən şəxs: "Zərdabın başçısı 65 min dollarımı mənimsəyib"- Yenilənib 2

Bu gün Koroğlu metrostansiyasının yaxınlığındakı körpüdə intihara cəhd edən şəxs dərdini Bizimyol.info-ya danışıb.

O, Mingəçevirin keçmiş icra başçısı, hazırda Zərdab rayonunun icra başçısı vəzifəsində işləyən Lütfəli Babayev tərəfindən aldadıldığını bildirdi:
"Lütfəli Babayev Mingəçevirin icra başçısı olarkən məni aldadaraq 65 min dollar pulunu mənimsəyib. Həmin vaxt Mingəçevirdə trolleybus ləğv edilmişdi. Ona görə də Lütfəli Babayev trolleybus xətlərini satışa çıxarmışdı. Müştəri kimi icra başçısı ilə onun kabinetində görüşdüm. O, ümumilikdə 80-85 ton olan xətlərin bir tonunu 2000 dollara mənə satacağına razılıq verdi. O bildirdi ki, 3 günə qədər bütün sənədlər hazır olacaq və mən gedib malı ala biləcəyəm. Ancaq sonradan icra başçısı məndən beh istədi. Mən də ona 30 min dollar beh verdim. Lakin bununla kifayətlənməyən icra başçısı müxtəlif bəhanələrlə məndən daha 35 min dollar pul qopardı. Bir neçə ay keçdi. Ancaq Lütlfəli Babayevdən səs-soraq gəlmədi. Ona görə mən yenidən icra başçısının qəbuluna getdim. Lakin icra başçısı müxtəlif bəhanələrlə məni qəbul etmədi. aldandığımı anladım. Artıq bir neçə ildir bu məsələ ilə bağlı ölkə başçısına, hüquq-mühafizə orqanlarına şikayətlər etmişəm. Müraciət etmədiyim məmur, getmədiyim idarə qalmayıb. Ancaq heç bir nəticəsi olmayıb. Son çarəm qalıb, o da intihar etməkdir. Və bildirmək istəyirəm ki, artıq heç bir məmura inamım qalmayıb. Qənirə Paşayevadan başqa".


***
12:24

Bakıda körpünün üstünə çıxaraq intihar etmək istəyən şəxsin adı məlum olub.

APA-nın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, körpüdən özünü atmaq istəyən şəxs Fəqan Nəsibovdur.

Hazırda Fövqəladə Hallar Nazirliyinin xilasediciləri F. Nəsibovu fikrindən daşındırmaq üçün danışıqlar aparır.


***
11:54

Bu gün səhər saatlarında adını açıqlamayan bir nəfər Bizimyol.info-nun redaksiyasına zəng edərək az sonra özünü Koroğlu metrostansiyasının yaxınlığındakı körpüdən atacağını bildirib.

Bizimyol.info-nun əməkdaşları Daxili İşlər Nazirliyinin mətbuat xidməti ilə əlaqə saxlayıb. İntihar etmək istəyən şəxs icra hakimiyyəti ilə problemlərinin olduğunu deyib.

AzNews.az xəbər verir ki, saytın əməkdaşları redaksiyaya məlumat verən şəxsə yenidən zəng edərək onun problemlərinin həll olunacağına inandırmağa çalışaraq fikrindən daşındırmaq istəyib. Həmin şəxs isə körpünün ən yüksək nöqtəsində olduğunu bildirirərək, məmurların hadisə yerinə gəlməsini istəyib. O yalnız deputat Qənirə Paşayevaya və mətbuat orqanı kimi Bizimyol.info-ya inandığını deyərək telefonu qapadıb.

Ətraflı məlumat veriləcək.